Son yeniləmə: 10 Noyabr 2022 15:57
Yeganə Hacıyeva: Bir qayda olaraq ABŞ-ın növbəti prezidenti Nümayəndələr Palatasında çoxluğu qazanan partiyanın təmsilçisi olur
BAYRAQDAR MEDİA – “Aralıq seçkiləri ABŞ seçki sisteminin böyüklüyünə görə ikinci, əhəmiyyətinə görə isə əsas seçkisidir. Bu seçkiləri adətən ABŞ siyasətində mövcud prezidentə və onun komandasına güvən və inam testi kimi adlandırırlar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, aralıq seçkilərində Konqresin Nümayəndələr Palatasının 435 yerlik aşağı palatası tam tərkibdə seçilir: “Senatın, yəni yuxarı palata isə 3-də 1 tərkibdə, güclər bölgüsündən asılı olaraq (33 və ya 34 mandat sahibi) tam yenilənəcək. Paralel olaraq aralıq seçkilərdə əksər ştatlarda qubernatorların növbəti seçim üçün taleyi müəyyənləşdirilir”.
Müsahibimiz qeyd edib ki, daxili siyasi ənənələrə görə, bir qayda olaraq ABŞ-ın növbəti prezidenti Nümayəndələr Palatasında çoxluğu qazanan partiyanın təmsilçisi olur: “İlkin nəticələrə görə Nümayəndələr Palatasına nəzarəti Respublikaçılar əldə ediblər. Bu seçkilərə qədər isə Konqresin hər iki palatası Prezident Co Bayden və Demokratlar tərəfindən idarə olunurdu. Seçkilərdən əvvəl Nümayəndələr Palatasında güclər balansı Demokratların xeyrinə idi. 220 yeri onlar, 212 yeri isə Respublikaçılar tutmuşdu. Ümumiyyətlə, Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün partiyanın 218 yeri olmalıdır. Burada təşəbbüsü ələ keçirmək üçün Respublikaçılara əvvəlki mövqelərini qorumaq şərti ilə bu seçkilərdə cəmi altı mandat qazanmaq lazımdır. Əslində, Demokratların bu seçkilərdə məğlub olacağı proqnozlaşdırılırdı. Amma onlar ehtimal edilənlərdən bir qədər artıq yer qazandılar. ABŞ Konstitusiya Məhkəməsinin 1973-cü ildə qadınların abort üçün qadağa qərarını ləğv etməsi səbəbindən Demokratlar ehtimal ediləndən bir qədər çox səs topladılar. Senata gəlincə, ilkin sorğular hələ də həm Demokratlar, həm də Respublikaçılar üçün təxminən bərabər şanslar göstərir”.
Y.Hacıyeva deyib ki, bir neçə ştatda yerli səslərin hesablanması sisteminin mürəkkəbliyi ilə bağlı seçkilərin nəticəsi elan olunmayıb: “Buna görə seçkinin ümumilikdə yekun nəticələri yalnız bir neçə gündən sonra elan olunacaq. Bu seçkinin nəticəsi istər-istəməz C.Baydenin qalan dövr üçün prezidentliyinə və onun siyasətinə, o cümlədən Rusiyanın Ukraynaya təcavüzünə qarşı mübarizəyə, ABŞ-NATO, ABŞ-Türkiyə münasibətlərinə, ABŞ-ın Güney Qafqaz siyasətinə güclü təsir göstərəcək. Hər iki palataya nəzarətin itirilməsi Prezident C.Baydeni növbəti iki il ərzində çətinliklərlə üzləşdirəcək”.