Son yeniləmə: 10 Noyabr 2022 12:10
Elxan Şahinolu: Bu, növbəti prezident seçkilərində Respublikaçıların namizədinin qalib gəlmək şansını artırır
BAYRAQDAR MEDİA – ABŞ-da Konqresin Nümayəndələr Palatasına və Senata keçirilən seçkilərin ilkin nəticələri Demokratlar üçün sevindirici sayıla bilməz. İlkin nəticələr göstərir ki, Nümayəndələr Palatasında Respublikaçılar üstünlüyə malik olurlar.
Bunu ABŞ Konqresinə seçkilərin ilkin nəticələrini BAYRAQDAR MEDİA üçün dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Məlumat üçün bildirək ki, noyabrın 9-da keçirilən seçkilər nəticəsində 435 yerlik Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvləri və senatorların üçdə biri bəlli olacaq. Bundan əlavə, seçicilər 36 ştat və üç ərazinin (Quam, Şimali Mariana adaları və Amerika Samoası) qubernatorlarını da seçiblər.
E.Şahinoğlu qeyd edib ki, buna səs çoxluğu demək olmaz: “Amma Respublikaçılar üstünlyü qazanırlar. Buna qədər hər iki palatada Demokratların müəyyən üstünlüyü vardı. Bu, Prezident Co Bayden üçün rahat qərarlar verməyə şərait yaradırdı. İndi isə o, müəyyən problemlərlə üzləşəcək. Onu üçün istədiyi qərarı Konqresdən keçirmək elə də asan olmayacaq. Həmçinin, bu seçkilər Respublikaçıların bir qədər irəli çıxdığını da göstərdi”.
Müsahibimiz qeyd edib ki, bu da növbəti prezident seçkilərində Respublikaçıların namizədinin qələbə qazanmaq şansını artırıb: “Co Bayden də xəstədir və son aylar reytinqi də aşağı düşüb. Donald Tramp bu günlərdə namizəd olub-olmayacağını açıqlayacaq. Yəni bu seçkilərdə Respublikaçıların Konqresdə müəyyən səs çoxluğu qazanması növbəti prezident seçkilərində Respublikaçıların namizədinin prezident seçilmək şansını artırır”.