Press "Enter" to skip to content

Avropa Olimpiya Komitələrindən Azərbaycana təqdir

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosu qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı qonağı Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar diləyib. O, eyni zamanda S.Kapralosa Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib.

Ölkə başçısı Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayaraq bu mötəbər tədbirin önəmini vurğulayıb, oyunların təşkilində S.Kapralosun rolunu yüksək qiymətləndirib.

“Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq, ilk növbədə, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlətimizin başçısının rolunu xüsusi qeyd etdi. Bildirdi ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğuladı”, – deyə xəbərdə bildirilir.

İ.Əliyev təbriklərə görə minnətdarlığını bildirib, bundan sonra da Azərbaycanla Avropa Olimpiya Komitələri arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tərəflər əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıb, qonaq Prezidentə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edib.

Mission News Theme by Compete Themes.