BAYRAQDAR MEDİA – Noyabrın 8-də Berlində Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və AR Mədəniyyət Nazirliyinin dəstəyi ilə Zəfər Günü münasibətilə “Sülh və Birgəyaşayış” devizi altında konsert təşkil edilib. Tədbirdə 500-dən çox qonaq, o cümlədən Bundestaq üzvləri, Almaniya XİN və digər dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin nümayəndələri, Berlində akkreditə olunmuş 30-dan çox ölkənin səfirləri və hərbi attaşeləri, eləcə də Almaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak edib.
Xəbəri noyabrın 9-da BAYRAQDAR MEDİA-ya səfirlikdən veriblər.
“Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmiz üçün ən əziz bayramlardan olan Zəfər Günündə tədbirə qatılan çoxsaylı qonaqları salamlayıb. O, konsert üçün “Sülh və Birgəyaşayış” devizinin seçilməsinin təsadüfi olmadığını söyləyib. Diplomat qeyd edib ki, iki il əvvəl Azərbaycan xalqı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını Ermənistanın 30 illik qanunsuz işğalından azad edib, bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olunub. Səfir vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki zəfərdən sonra Güney Qafqaz regionunda yeni vəziyyət yaranıb. Belə ki, bu vəziyyət Azərbaycan və Ermənistan arasında sülhün və birgəyaşayışın bərqərar olması üçün unikal fürsətlər yaradıb. Səfir ölkəmizin regionda sülh və sabitliyin təmini üçün çalışdığını, son ikitərəfli görüşlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün ümidlər yaratdığını ifadə edib. N.Ağayev vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ölkəmizin vətədaşıdırlar və ölkə Konstitusiyasının təmin etdiyi bütün hüquq və azadlıqlardan bəhrələnə biləcəklər. Diplomat həmçinin, multikultural cəmiyyətə sahib Azərbaycanın çoxsaylı etnik və dini azlıqların vətəni olduğunu, ölkəmizdə yüz minlərlə xristiyanın, 30 mindən artıq yəhudinin və digər dinlərin tərəfdarlarının sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını qeyd edib. N.Ağayev, multikulturalizmin, müxtəlif dinlər və mədəniyyətlər arasında harmoniyanın təşviq edilməsinin Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “səfir çıxışı zamanı həmçinin, Zəfər Günü münasibətilə təşkil olunmuş konsert çərçivəsində Almaniyada fəaliyyət göstərən tanınmış bəstəkar Xədicə Zeynalovanın müəllifi olduğu Şuşa simfoniyasının premyerasının Zəfər Günündə Berlin şəhərində keçirilməsini əlamətdar hadisə adlandırıb”.
“Sonra çıxış edən Azərbaycan-Almaniya Forumunun sədri Hans-Eberhard Şleyer Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin vacibliyindən, bu istiqamətdə həyata keçirilən danışıqlar prosesinin təqdirəlayiq hal olmasından bəhs edib. Bildirib ki, sülh prosesi Avropa Birliyi və Almaniya tərəfindən dəstəklənir. O, həmçinin Azərbaycan cəmiyyətinin zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malik olduğunu vurğulayaraq bu zəminin gələcək sülh üçün əlverişli imkanlar yaratdığını ifadə edib.” Bu sözlər də səfirliyin xəbərindəndir.
Xəbərdə əlavə edilir ki, “çıxışlardan sonra Xədicə Zeynalova tədbir iştirakçılarına rəhbərlik etdiyi, dünyanın müxtəlif ölkələrini təmsil edən müsiqiçilərdən ibarət “Bridge of Sounds” orkestri, eləcə də müəllifi olduğu Şuşa simfoniyasının ərsəyə gəlməsi barədə məlumat verib. Daha sonra sözügedən orkestrin ifasında simfonik konsert keçirilib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üverturası və “Arazbarı” əsəri, habelə Xədicə Zeynalovanın müəllifi olduğu Şuşa simfoniyası ifa olunub. İfalar tədbir iştirakçılarının böyük coşqusu və sürəkli alqışları ilə qarşılanıb”.
O da bildirilir ki, “tədbir zamanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin əsrarəngiz mənzərələrini əks etdirən video-kliplər nümayiş etdirilib. Konsertdən sonra qonaqlar üçün Zəfər Günü münasibətilə ziyafət təşkil olunub”.