Son yeniləmə: 8 Noyabr 2022 10:14
BAYRAQDAR MEDİA – Bu zəfər günündə nələr keçmir könlümüzdən? Nələri xatırlamırıq?
Şuşanın və digər torpaqlarımızın Ermənistan tərəfindən işğalı yada düşür.
Bu işğalda Ermənistana açıq dəstək verən Rusiyanı xatırlayırıq.
Ermənistanla əlbir olub daim Azərbaycanın kürəyinə bıçaq saplayan “müsəlman qardaş”ımız İranı da heç yaddan çıxara bilərikmi?
Bəs Fransa? Afrika xalqlarını soyqırıma məruz qoyan, tarixi insan faciələri ilə zəngin olan bu firəng ölkəsi də daim işğalçı ermənilərin arxasında olub.
Hər şeyi və hər kəsi xatırlayırıq! Heç vaxt da unudan deyilik! Amma ki, bunların topu belə üstümüzə gəlsə, yenə də qalib bizik!
Bu gün – 8 noyabr çağdaş Azərbaycan tarixinin ən parlaq səhifəsi – Zəfər Günüdür! Düz iki il öncə bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı müqəddəs Şəhidlər Xiyabanından xalqa həyəcanla səslənərək “Şuşa, sən azadsan!” müjdəsini vermişdi.
Şuşanın azadlığının ardından işğalçı Ermənistan rəsmən kapitulyasiyanı qəbul etmiş və artıq 2020-ci il noyabrın 10-na keçən keçə Rusiyanın himayədarlığı ilə daha böyük biabırçılıqdan qurtulmuşdu.
Azərbaycan o müqəddəs zəfəri öz oğullarının qanı və canı bahasına əldə etmişdi o gün. Bizə o torpaqları heç kim masa arxasında təqdim etmədi. Məhz can və qan verərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı igid oğullarımız işğaldan azad etdi!
Biz qürurlu millətik. Qürurlu olmağa da haqqımız var. Çünki gərək olduğunda düşmən önünə çıxacaq oğullarımız, öz canlarını belə fəda edərək Vətən torpaqlarını azad edəcək igidlərimiz var.
Hər kəsi təbrik edirik. Özü də təkcə 10 milyonluq Azərbaycan xalqını deyil. Bu qələbə sevincini bizimlə bizim qədər yaşayan bütün dünya türklərini, özəlliklə də Güney Azərbaycan və qardaş Türkiyə başda olmaqla bizə sözün həqiqi mənasında doğma olan hər kəsi təbrik edirik!
Və arzu edirik!
Arzu edirik ki, çox yaxında Azərbaycan Prezidenti İlham Əliyev, “Təbriz, sən azadsan!” müjdəsi ilə yenidən xalqa xitab eləsin!
Biz buna inanırıq!
Biz bunu gözləyirik!
Biz əminik ki, mümkünsüz görünən Şuşanın azadlığı müjdəsini bizə verən Müzəffər Ali Baş Komandan İlham Əliyev Təbrizin də azadlığı müjdəsini verib Güney Azərbaycan Cümhuriyyətinin qurulma sevincini bölüşəcək.
O gün yaxındadır! Gələcək o gün! Mən inanıram, hər kəs inansın. Necə ki, illər idi çoxları Şuşada bir daha Azərbaycan bayrağının dalğalanmayacağına özünü inandırdığı halda biz əksinə inanmağa davam edirdik, indi də Təbrizdə çox tezliklə vahid və bütöv Azərbaycanın bayrağının dalğalanacağına inamımızı ifadə edirik!
Zəfər Bayramın mübarək olsun, qürurlu millətim! Güneyli-Quzeyli Azərbaycan xalqı, başını dik tut, irəli bax! Bizi irəlidə hələ Təbrizdə, Urmuda, Ərdəbildə, Mərənddə, Xoyda, Səlmasda zəfər sevincləri gözləyir. O müqəddəs yolda bir olaq, diri olaq, iri olaq!