Press "Enter" to skip to content

Qardaş ölkənin qaziləri Azərbaycanda

Qonaqlarn qarşılanma mərasimi

Son yeniləmə: 10 Noyabr 2022 09:14

Bakıya hərbi təyyarə ilə gələn qazilər Şuşaya da gedəcəklər

BAYRAQDAR MEDİA – Noyabrın 7-də qardaş Türkiyədə fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri, qazilər Azərbaycana səfər ediblər. Səfərdə məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etməkdir.

Şəhidlər xiyabanında
Şəhidlər xiyabanında

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 8-də “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, səfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşib: “Səfərdə sıralarında minlərlə ehtiyatda olan hərbçini birləşdirən 4 böyük təşkilatın (Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyi) təmsilçiləri iştirak edir”.

E.Həsənli deyib ki, qardaş ölkənin qaziləri Bakıya Türkiyə Milli Müdafiə Nazirliyinin xüsusi hərbi təyyarəsi ilə gəlib: “Noyabrın 7-də Azərbaycan və Türkiyən olan hərbiyönümlü QHT rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarını ziyarət edərək üzərinə güllər düzüblər. 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunaraq önünə əklil qoyulub”.

Qeyd edilib ki, Türk Şəhidliyi abidəsi önündə çıxış edən E.Həsənli Türkiyə-Azərbaycan münasibətlərinin ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” ideologiyası əsasında inkişaf edərək dostluq, qardaşlıq prinsiplərinə söykəndiyini bildirib: “Müstəqilliyimizin qazanıldığı dövrdə, xüsusilə də 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Türkiyə hər gün Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdi. Azərbaycan dövlət və xalqı bu qardaşlıq dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaq”.

E.Həsənli çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən “Şuşa Bəyannaməsi”nin imzalanması ilə dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin yeni mərhələsi başlayıb.

Məlumata əsasən sonra ehtiyatda olan general-polkovnik Erdoğan Karakuş türkiyəli hərbyönümlü təşkilatları adından çıxış edib: “O, bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı, əməkdaşlıq imkanlarının gücləndirilməsi regionda sabitliyin və tərəqqinin təmin edilməsinə xidmət edir”.

Emin Həsənli türkiyəli qazilərlə
Emin Həsənli türkiyəli qazilərlə

E.Karakuş çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində kadr çatışmazlığı problemi ilə üzləşən Azərbaycan Ordusu üçün Türkiyə hərbi məktəblərində hərbçilərin hazırlanmasına xüsusi önəm verildiyini, ötən dövrdə bu istiqamətdə böyük uğurların qazanıldığını diqqətə çatdırıb.

E.Həsənli BAYRAQDAR MEDİA-ya açıqlamasında onu da deyib ki, səfər çərçivəsində Türkiyənin hərbyönümlü təşkilatlarının nümayəndələrinin Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidəni, Nuru Paşanın ev muzeyini ziyarət ediblər: “Qonaqlar həmçinin Vətən müharibəsi zamanı Ermənistanın mülki əhalini raket atəşinə tutması nəticəsində Gəncədə dağıntıların baş verdiyi yerlərə baş çəkiblər. Qonaqlar noybarın 9-da Şuşaya səfər edəcəklər”.

Mission News Theme by Compete Themes.