BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Bilecik vilayətində Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü ilə bağlı konfrans keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bilecik Azərbaycan Qardaşlıq Dərnəyindən məlumat verilib.
Bildirilib ki, tədbir Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin təşkilatçılığı ilə Şeyx Edebali Universitetində keçirilib: “Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib”.
Məlumata əsasən, konfransı giriş nitqi ilə dərnəyin rəhbəri Rafiq Qurbanov açıb. O, şanlı Zəfərə gedən yol haqqında iştirakçılara geniş məlumat verib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən mötəbər gün ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.
Qeyd ounub ki, konfrans məruzələrlə davam etdirilib: “Universitetin müəllimləri Yavuz Cankara və Pınar Özden Cankara məruzələrində Qarabağ müharibəsinin siyasi və hərbi aspektlərinə dair maarifləndirici məlumatlar veriblər. Tədbirdə Bilecik valisi Kemal Kızılkaya başda olmaqla Türkiyənin vilayət üzrə rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər”.
Sonda çıxışçılara təşəkkürnamələr təqdim olunub.