Press "Enter" to skip to content

Ankarada Zəfər Günü coşqusu

Tədbir zamanı

Son yeniləmə: 8 Noyabr 2022 23:56

Hulusi Akar: Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcək

BAYRAQDAR MEDİA – Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar rəsmi qəbul və konsert keçirilib. Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin və səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 8-də səfirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Məlumata əsasən, Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən “Tarix yazan Ordu” filminin nümayişindən sonra açılış çıxışları edilib: “Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib. Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə, yüz minlərlə azərbaycanlının torpaqlarından məcburi köçkün olduğu, Xocalı faciəsi törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcək”.

Məlumatda daha sonra deyilir: “Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyə toxunub, Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb”.

Məlumata əsasən, Zəfər tədbiri Türkiyənin aparıcı media orqanları tərəfindən geniş işıqlandırılıb.

Mission News Theme by Compete Themes.