Press "Enter" to skip to content

Ukrayna azərbaycanlılarından İrana sərt etiraz

UABD

BAYRAQDAR MEDİA – Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) İdarə Heyəti İranda baş verən hadisələr və bu ölkənin regionda yaratdığı təhdidlərlə bağlı Bəyanat yayıb.

“Son zamanlar İran adlanan dövlətin həm regiondakı hadisələrdə, həm də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində təcavüzkarın yanında yer almasını qətiyyətlə pisləyirik. Bəyan edirik ki, Ukraynada minlərlə günahsız insanın ölümünə, eyni zamanda milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinə işğalçı Rusiya ilə əlbir olan İran da məsuliyyət daşıyır”, – deyə Bəyanatda qeyd edilir.

Daha sonra bildirilir: “İran dövləti bu cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir və onun təcavüzkarlıq niyyətinin gerçəkləşdirilməsinə bilərəkdən kömək edir. Rusiyaya silah satdıqlarını etiraf edən İran rəsmilərinin bu hərəkəti beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən diqqətə alınmalı, adekvat tədbirlər görülməlidir. Əks təqdirdə Rusiyanı silahla təchiz edən, Vətənimiz Azərbaycanı isə sərhəddə hərbi təlim keçirməklə təhdid edən İranın bu aqressiyası davamlı xarakter alacaqdır”.

“Ermənistanla Azərbaycan arasında arzulanan sülh müqaviləsinin imzalanmasının gecikdirilməsində Rusiya qədər İranın da mühüm rol oynadığı heç kimə sirr deyil. İran erməni təcavüzkarlığına dəstək verərək Azərbaycanın işğal altında olan sərhəd boyu kənd, şəhər və rayonlarını talamış, yurd yerlərimizin viran qoyulmasında iştirak etmişdir. Bu azmış kimi, İkinci Qarabağ savaşında Ermənistana həm maddi, həm də mənəvi dəstək verərək işğalçıya haqq qazandırmış, Azərbaycanın qələbəsini qısqanclıqla qarşılamışdır.” Bu sözlər də Bəyanatdandır.

UABD daha sonra bildirir ki, “İranın daxilində baş verən son hadisələrdə Güney Azərbaycanda yaşayan 40 milyondan artıq soydaşımızın hüquqları kobud şəkildə pozulur, fəal gənclərimiz həbs olunur və qətlə yetirilir. Uzun illərdir təməl milli hüquqlarından məhrum olan soydaşlarımız ana dildə təhsil ala, müstəqil media qurumları aça bilmir və bu kimi sosial-mədəni yaşam imkanlarının üzünə həsrətdirlər.

“Fars-molla rejimi şovinist siyasəti ilə soydaşlarımızı sıxışdırır, onların milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafını, cəmiyyətdə layiqli mövqe tutmasını əngəlləyir, mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin aşınmasına bais olur. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar.

“İranda hakimiyyəti qəsb edən fars-molla rejimi bununla da kifayətlənməyib zülmə etiraz səsini ucaldaraq ayağa qalxan xalqa qarşı zor işlətməyə davam edir. Bununla yanaşı, vaxtilə İrana zorla tabe etdirilmiş Güney Azərbaycanda da milli azadlıq hərəkatı zor gücü ilə boğulur, yaranmaqda olan Türk Birliyi ideyasının gerçəkləşməsinə zərbə vurulur.

“Beynəlxalq ictimaiyyət bütün bunları əsas götürərək sivil dünya düzənini Rusiya-İran təhdidindən xilas etməlidir.

“Ukraynada yaşayan UABD üzvləri olaraq hər zaman olduğu kimi, bundan sonra da Güneyli soydaşlarımızın yanında olacağımızı bəyan edir, onların haqq səsinə səs verir, eyni zamanda digər ölkə və şəhərlərdə yaşayan Azərbaycan diaspor təşkilatlarını da bu bəyanata qoşulmağa dəvət edirik”.

Mission News Theme by Compete Themes.