Press "Enter" to skip to content

Prezident Zəfər Günü ərəfəsində yeni hərbi hissədə olub

Hərbçilərlə xatirə şəkli

BAYRAQDAR MEDİA – Noyabrın 7-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Müdafiə naziri Zakir Həsənovun raportunu qəbul etdikdən sonra Prezident hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub, burada ağac əkib. Daha sonra o, hərbi şəhərciyin qərargah binası ilə tanış olub. Bunun ardından da İ.Əliyev hərbçilərlə foto çəkdirib, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

“Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirdi ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var”, – deyə xəbərdə bildirilir.

Ali Baş Komandan şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub.

Daha sonra bildirilir: “Diqqətə çatdırıldı ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış oldu”.

Mission News Theme by Compete Themes.