BAYRAQDAR MEDİA – Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət noyabrın 5-də sosial media hesabında paylaşım edərək Bütöv Azərbaycanın möhtəşəm səsi, böyük dava adamı, əslən Güney Azərbaycandan olan və hazırda mühacirətdə yaşayan Araz Elsəsin Bakıya dəvət edilməsinin vaxtının çatdığını bildirib: “Vaxtdır artıq! Güney Azərbaycan Cümhuriyyətinin ayaq səsləri fonunda bizim də Bakıda daha hərəkətli olmağımız lazımdır. İlkin və daha təsirli addım olaraq uzun illərdir burada çıxış etməsinə imkan verilməyən el ozanı, dəyərli mücadilə adamı Araz Elsəsin açıq havada – meydanda konsertini təşkil etməliyik. Özü də bunu sadəcə bir konsert tədbiri kimi etməməliyik. Bunun üçün 100 min insanın toplaşdığı bir mitinq düzənləməli, orada çıxışlar etməli, eyni zamanda Araz Elsəsi dinləməliyik. Qoy 40 milyon soydaşımızı özü kimi cəhalət qaranlığında tutmağa çalışan Tehran Cümhuriyyətini yönəldən fars-molla rejimi nəhayət ki, birlik olacağımızı qəbullansın. Eyni zamanda Quzeydə doğan günəş artıq Güneydə də parlasın! 100 minlik mitinq və Araz Elsəs! Belə bir mitinq həm də bizə qarşı mitinq-mitinq oyunu quran Moskvaya və onun erməni uzantılarına göz dağı olacaq!”
Bir sıra sosial media istifadəçilərinin də təqdirlə qarşıladığı bu çağırışa Araz Elsəs də müsbət reaksiya verərək bildirib: “Çox dəyərli könüldaşlarım. Belə bir təklifə sevə-sevə, canla-başla varam. Varlığım, nəfəsim ağrısını aldığım o gözəl yurda ərməğan olsun”.
Beləliklə, Araz Elsəs də Bakıdan Tehrana və Moskvaya, onların uzantılarına, eləcə də işğalçı Ermənistana göz dağı verilməsindən yanadır. Ümid edək ki, Azərbaycan Respublikası bununla bağlı gərəkli imkanı yaratmaqda gec qalmayacaq.