Son yeniləmə: 5 Noyabr 2022 16:03
BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 5-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, fermer Mövlüddin Qurbanəliyevə məxsus “Eko Zaqatala” arıçılıq təsərrüfatı olub: “Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər”.
Əsas fəaliyyət istiqaməti arıçılıq olan fermer “Şəhərdən Kəndə” layihəsinə müraciət edərək aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Fermer arıçılıq məhsullarının istehsalı və satışı ilə yanaşı, təsərrüfat sahəsində yerli və xarici turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb.
“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgahın tikintisi, uşaq meydançasının yaradılması, kosmetik yenilənmə işləri və s.) aparılıb və təsərrüfat abadlaşdırılıb. Bundan əlavə, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla (çadırlar, çay dəstləri, stol-sullar və s.) təmin olunub.