Son yeniləmə: 5 Noyabr 2022 11:03
BAYRAQDAR MEDİA – Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) müdir müavini Samet Güneşin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, qonaqlara əvvəlcə DOST modeli haqqında ümumi məlumat verilib. Həmçinin, mərkəzlərin iş prinsipi izah olunub.
Məlumata əsasən, daha sonra geniş tərkibdə keçirilən görüş olub: “Görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə geniş təqdimatla çıxış edib. O, bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST-un fəaliyyətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi barədə məlumat verilib. Həmçinin məşğulluq, sosial müdafiə və təminat xidmətləri sahəsində qlobal trendlər, blokçeyn texnologiyalarının bu trendlərə təsiri imkanları, agentlikdə vətəndaşlara göstərilən xidmətlərin, o cümlədən məşğulluq xidmətlərinin həyata keçirilmə prosesləri, insan resurslarının idarə edilməsi və könüllülük proqramları ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb”.