BAYRAQDAR MEDİA – “Humanitar Tədqiqatlar” İctimai Birliyi “Cəbhəyanı regionda məişət zorakılığının azaldılmasına dəstək tədbirlərinin təşkili” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib. İctimai Birlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, sonuncu tədbir ini Tovuz rayonunda olub.
Məlumata görə, Tovuz Peşə liseyində təşkil olunan məlumatlandırma sessiyasında 35 nəfər rayon sakini iştirak edib: “Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri Ceyhun Əliyev, Akşin Əsədov, Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov, Liseyin direktor müavini Sərxan Musayev qatılıb”.
Tədbiri giriş sözü ilə açan “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib. O, qeyd edib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin məqsədi cəbhəyanı regionda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara özünüməşğulluq imkanlarından yararlanmalarına dəstək verilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir”.
Daha sonra layihənin eksperti Rafiq Muradov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib: “İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb”.
Ekspert məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı da məlumat verib.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.