Məcid Cavadi: Bu gün Güney Azərbaycanın bütün şəhər və kəndlərində “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilir
BAYRAQDAR MEDİA – “İrandakı proseslər, mövcud rejim əleyhinə üsyan geridönməz hal almaqla, sürətlə inkişaf etməkdədir. Artıq İranın bütün bölgələrində genişmiqyaslı etiraz aksiyaları, üsyanlar davam edir. Rejimin cəlladlarının amansız davranışı nəticəsində bu proses hər keçən gün daha qanlı hal alır”.
Bunu İrandakı son prosesləri BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Onun sözlərinə görə, bugünlərdə fars-molla rejimi Bəlucistan bölgəsində daha bir böyük qətliam həyata keçirib: “Rejimin qüvvələri tərəfindən çoxlu sayda dinc bəluc qətlə yetirildi. Bu isə İran daxilindəki xalqların rejimə qarşı qəzəbini daha da artırır”.
M.Cavadi deyib ki, baş verən proseslər Güney Azərbaycandan da yan keçməyib: “Məlum olduğu kimi, Güney Azərbaycan türkləri hadisələrin ilk günündən öz etiraz səslərini ucaldıblar. Onu da deyim ki, Güney Azərbaycandakı etirazlarda rejimin dinc insanlara divan tutmasına eirazla yanaşı azadlıq şüarları da səsləndirilir. Bu gün Güney Azərbaycanın bütün şəhər və kəndlərində “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilir. Bu ondan xəbər verir ki, Güney Azərbaycan türkləri gələcəklərini artıq İranın fars-molla rejiminin idarəçiliyi altında gormürlər. Onu da deyim ki, dünya düzənində yanaşmalar da mövcud rejimin və quruluşun sonuna yaxınlaşıldığına işarə edir”.
Müsahibimiz bildirib ki, bir neçə gün öncə ABŞ Prezidenti Co Baydenin verdiyi açıqlama da dünyanın yeni İran üçün hazırlaşdığına işarə edir: “C.Bayden açıq şəkildə dedi ki, biz yaxın müddətdə İranı azad edəcəyik. Yaxud İrandakı xalqlar azad olacaqlar və biz də onlara dəstək verəcəyik. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın zamanda İranın taleyi yenidən müəyyənləşək”.
Qeyd olunub ki, Güney Azərbaycan türkləri indi daha ayıq-sayıq, istənilən fövqəladə hadisəyə hazır olmalıdırlar: “İstər Güney Azərbaycan təşkilatları, istərsə də sadə xalq məsələnin fərqində olmalıdır. Biz də həm təşkilat, həm də media olaraq baş verənləri xalqımıza geniş və açıq şəkildə çatdırmağa çalışırıq. Artıq zamanı gəlib ki, İrandakı bütün xalqlar, o cümlədən Güney Azərbaycan türkləri öz müqəddaratının təyin edilməsi üçün bütün hazırlıqları aparsın. Zaman gözləmir. Biz tələsməliyik. Bu məqamda onu da bildirim ki, İran rejiminin Rusiya-Ukrayna savaşında daha bir səhv edərək Rusiyaya dəstək verməsi də Qərbdə ciddi qəzəblə qarşılanıb. Bir sözlə, hadisələrin inkişafı İrana müsbət heç nə vəd etmir. Deməli hamılıqla, Quzeyli-Güneyli biz də Güney Azərbaycanın azadlığı, müstəqil ölkə olması prosesinə hazır olmalıyıq. Çünki Güney Azərbaycan Cümhuriyyətinin elan olunması qaçılmazdır”.