Son yeniləmə: 5 Noyabr 2022 11:51
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir. İmtahana qeydiyyat noyabrın 10-dək aparılacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 5-də DİM-dən məlumat verilib.
Qeyd olunub ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Noyabrın 5-nə olan məlumata görə, 46 nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.