Son yeniləmə: 4 Noyabr 2022 10:53
BAYRAQDAR MEDİA – Meksika mətbuatında erməni təxribatları barədə məlumatların dərci davam edir. Erməni təxribatından bəhs edən növbəti mətbuat isə “Reforma” qəzeti olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrln 4-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, Meksikanın ən çox oxunan və nüfuzlu qəzeti olan“Reforma”da səfir Məmməd Talıbovun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı müsahibəsi dərc olunub: “Müsahibədə, Azərbaycanın BMT TŞ qətnamələrinə uyğun olaraq öz ərazilərini Ermənistan işğalından azad etdiyi bildirilib. Həmçinin 2020-ci ilin noyabr ayında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistanın öz cinayətkar əməllərini davam etdirdiyi və cari ilin sentyabr ayının 12-si gecə saatlarında Ermənistanın silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutduğu, həmin mövqelərin arasındakı əraziləri minaladığı barədə məlumat verilib”.
Ermənistan tərəfindən törədilən təxribatın qarşısının alınması məqsədilə, Azərbaycan Ordusu tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirən səfir, bu təxribatın qarşısının alınması zamanı 70-dən çox Azərbaycan hərbçinin şəhid olduğunu qeyd edib.
Məqalədə həmçinin, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi qeyd olunub: “Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və həmin əraziləri minalamağa davam etdiyi bildirilib. Həmçinin, Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizinin qurulması üçün Azərbaycan tərəfindən müvafiq addımların atıldığı, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyi qeyd olunub”.
Səfir həmçinin, Azərbaycanın hazırda Avropa üçün çox vacib tərəfdaş olduğunu, bu xüsusda qısa zaman öncə Avropa İttifaqı iləenerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Müsahibədə keçmiş münaqişə zamanı Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi qeyd olunub. Meksikanın bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqe və həmrəyliyin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.