Son yeniləmə: 4 Noyabr 2022 13:16
BAYRAQDAR MEDİA – İmişli regional “ASAN xidmət” mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, tədbirlərdə agentliyin sədri Ülvi Mehdiyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər: “Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlar müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən söz açıblar. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir”.
Məlumata əsasən, tədbir çərçivəsində İmişli, Kürdəmir, Sabirabad və Ağcabədi regional “ASAN xidmət” mərkəzlərinin könüllüləri arasında şahmat, dama və peyntbol idman yarışları üzrə Zəfər turniri təşkil olunub: “Həmçinin “Yaşıl ASAN” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. ASAN könüllüləri tərəfindən hazırlanmış rəsm əsərləri, əl işləri və müxtəlif dekorativ qablar sərgilənib. Sərgidə satışdan əldə olunan gəlir “YAŞAT” Fonduna ianə edilib. ASAN könüllülərin teatr truppası tərəfindən Zəfər Gününə həsr olunmuş müxtəlif şerlər səsləndirilib, “Əsgərə Məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək mesajları ünvanlanıb”.
Sonda konsert proqramı keçirilib, incəsənət ustalarının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.