Son yeniləmə: 4 Noyabr 2022 14:37
Dr. Yücel Karauz: İrandan hədiyyə ediləcək üç-beş silah sistemi ilə Ermənistanda güclü ordu qurula bilməz
BAYRAQDAR MEDİA – “Ermənistan kəndirbaz kimi öz əməlini reallaşdırmaq üçün eyni anda bir neçə ölkə ilə əməkdaşlıq etmək istəyir. Amma məsələ burasındadır ki, Ermənistan bu zaman da öz xislətindən əl çəkə bilmir. Yəni bir tərəfdən ABŞ-a xoş görünmək üçün min bir oyun çıxaran, guya regionda ABŞ-ın və Fransanın ən yaxın müttəfiqi olduğu görüntüsünü yaratmaq istəyən Ermənistan, digər yandan məhz regiona nəzarət baxımından Amerikaya düşmən kəsilən Rusiya və İranla, necə deyərlər, rəqs edir. Bu isə çox təhlükəli oyundur”.
Bunu Ermənistanın son addımlarını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, Ermənistanın bu addımı ona görə təhlükəlidir ki, bu ölkələrin bir qisminin regionda mənfəət və maraqları toqquşur: “Bu cür addımlar onsuz da çətin durumda olan Ermənistana daha da çətin gələcək vəd edir. Ermənistan bu oyunlara baş vurmaqdansa, regiona sabitlik və inkişaf vəd edən sülh sazişini imzalamalıdır”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın İran səfərindən dönəndən dərhal sonra iclas keçirərək güclü ordu qurulması istiqamətində işə başlanılacağını bəyan etməsinə gəlincə, Y.Karauz bunu da mənasız hesab edir: “N.Paşinyanın İran səfərindən sonra güclü ordu yaratmaq fikrinə gəlincə, bu, boş sözdən ibarətdir. Çünki Ermənistanın dövlət büdcəsi, silahlı qüvvələrə, ordu quruculuğuna ayıra biləcəyi vəsait bəllidir. Zatən 28-30 ildir Rusiyanın hədiyyə verdiyi silahlarla ordusunu qüvvətləndirməyə çalışırdı. Eyni şey indi də təkrarlana bilər. Yəni Ermənistan ordusu ancaq və ancaq başqa ölkələrdən hədiyyə ediləcək silahlarla təchiz oluna bilər. Bu baxımdan da İrandan veriləcək, hətta hədiyyə olsa belə, silahlarla Ermənistanda güclü ordu yaratmaq sadəcə nağıldır”.
Türkiyəli general bunun səbəbi kimi İranın güclü müdafiə sənayesinə malik olmamasını göstərib: “Digər tərəfdən, Ermənistan dünyanın ən müasir silahını da alsa güclü ordu qura bilməyəcək. Çünki güclü silahı qorxmaz, lazım gələndə vətən üçün canından, qanından keçməyə hazır olan oğullar istifadə edəndə ordunun gücündən danışmaq olar. Ermənistanda isə əsgərlərin hansı “qabiliyyətə” malik olduğunu 2 il öncə bütün dünya gördü. Səngəri atıb qaçan əsgərə ən müasir, ən güclü silah versən belə, əgər qorxaqdırsa, onun təmsil olunduğu ordu heç vaxt güclü ola bilməz. Bir sözlə, İrandan hədiyyə ediləcək üç-beş silah sistemi ilə Ermənistanda güclü ordu qurula bilməz”.
Məsələnin ikinci tərəfinə, yəni İranın Ermənistanı yeni qarşıdurmaya sövq etməsinə gəlincə Dr. Y.Karauz deyib: “İran bölgəyə sülhün, sabitliyin gəlməsini istəmir. Çünki bu sabitliyi İran yanlış olaraq özü üçün bir təhlükə kimi görür. Ona görə də işğal illərində olduğu kimi, yenə də Ermənistana bütün sahələrdə dəstək verir. İran bu dəstəyi həm də türk dünyasının güclənməsindən narahat olduğu, Ermənistan kimi türk birliyinə düşmən kəsildiyi üçün edir. İranın Zəngəzur dəhlizinin açılmasına mane olması da məhz türk birliyinin möhkəmlənməsinə qarşı olmaq istəyindən irəli gəlir. Halbuki Türkiyə və Azərbaycan regionun gələcək inkişafının altılı format çərçivəsində əlaqələrdən keçdiyini bəyan ediblər. İran da bu altılı platformaya daxildir. Ancaq biz görürük ki, İran bütün gücünü ona sərf edib ki, bu altılı format baş tutmasın və regionda əbədi sülh olmasın. İran bu məsələyə yanaşmada həm də öz daxilində mövcud vəziyyəti də əsas tutur. Onlar elə düşünürlər ki, regionda sabitlik əldə olunsa bu zaman İranın bütövlüyü sual altına düşəcək. Lakin bu yanlış fikirdir. Əksinə, İranın hazırda sərgilədiyi yersiz inadkarlığı sonda onun ərazi bütövlüyünü də sual altında qoya bilər. Ona görə də nə qədər gec deyil, İran bu yanlış siyasətdən əl çəkməlidir”.