Son yeniləmə: 4 Noyabr 2022 17:34
Hulusi Kılıç: Əks təqdirdə baş verəcəklərə görə məhz İran məsuliyyət daşıyacaq
BAYRAQDAR MEDİA – “Bu gün Türkiyə və Azərbaycan dünyada sülhün, sabitliyin və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının keşiyində dayanan ölkələr sırasında öndə gedir. İstər Türkiyə, istərsə də Azərbaycan qonşu ölkələrə, o cümlədən İrana da eyni prizmadan yanaşır. Lakin təəssüflər olsun ki, bizim bu xoş niyyətimizə İrandan müsbət, uyğun reaksiya verilmir. Əksinə, İran bu gün regionda sabitliyin əldə olunmasına qarşı çıxan Ermənistana hərtərəfli dəstək verir, bu ölkənin Türkiyə və Azərbaycanın əleyhinə atdığı addımlarının daha da intensivləşməsinə xidmət edən siyasət həyata keçirir. Halbuki dünya İrana qarşı olanda Azərbaycan və Türkiyə bir qonşu kimi İranın yanında oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, Türk Ağsaqqalları Birliyinin həmsədri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, normalda müsəlman ölkə olaraq İran Türkiyənin və Azərbaycanın yanında yer almalıdır: “Lakin təəssüf ki, İran bu gün türk dünyasına düşmənlik edən Ermənistanın yanında yer alır. Özü də təkcə yer almır, bu ölkəyə hər cür dəstək verir. Müsəlman ölkəsi İranın türk-müsəlman dünyasına düşmənlik edən ortodoks xristian ermənilərə yardım etməsi qəbuledilməzdir. Bu heç bir dini çərçivəyə sığmır. Bu, əslində, İranın “İslam dininin qorunması uğrunda mübarizə” siyasətini də kölgə altına alır”.
H.Kılıç İranı nə qədər gec deyil, səhv yoldan geri dönməyə çağırıb: “Mən bir daha İran rəsmilərinə müraciət edirəm. Yanlış addım atmasınlar. Türk dünyasını qarşılarına almasınlar. Çünki bu, onlara yaxşı heç nə vəd etmir. İstər İran, istər onun bu gün öz himayəsinə aldığı Ermənistan, istərsə də bütün dünya iki il öncə – 44 günlük müharibədə türkün gücünü gördü. Ona görə çalışıb bizimlə dost olsunlar. Bizimlə düşmənlik edərsə, İran çox şey itirər. O baxımdan İrana türk xalqının səbrini sınağa çəkməməyi tövsiyə edirəm”.
İranın Azərbaycan əleyhinə addımlarına gəlincə, keçmiş səfir deyib: “İran rəsmiləri bir şeyi bilməlidirlər: Azərbaycana qarşı hər hansı addım Türkiyəyə qarşı atılan addım kimi dəyərləndirər və ona görə hərəkət edərik. Bu məqamda İran rəsmilərinə 2021-ci li iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini yaxşı-yaxşı oxumağı tövsiyə edirəm. Məhz Şuşa Bəyannaməsinə əsasən, Azərbaycana edilən hücum Türkiyəyə edilmiş sayılır. Digər yandan İran rəsmiləri dahi Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir” sözünü də unutmasınlar. Onu da unutmasınlar ki, Türkiyə dəfələrlə bu çağırışa sadiq qaldığını bütün dünyaya nümayiş etdirib. Bu gün də Türkiyə qardaş Azərbaycanın yanındadır”.
“Görünür, Soçi görüşündən 24 saat keçmədən Nikol Paşinyanı qonaq edən İran, atəşlə oynadığının fərqində deyil. İran atəşlə oynayır. İran yetkililərinə ağıllarını başlarına yığmalarını məsləhət görürəm. Əks təqdirdə baş verəcəklərə görə məhz İran məsuliyyət daşıyacaq”, – deyə müsahibimiz sonda əlavə edib.