Son yeniləmə: 4 Noyabr 2022 10:53
Şirinxanım Kərimbəyli ŞADİMAN
BAYRAQDAR MEDİA Güney Azərbaycanda baş verməkdə olan hadisələr fonunda dəyərli şair Şirinxanım Kərimbəyli ŞADİMANın Güney Azərbaycan həsrətli şeirini təqdim edir.
Niyə lal axırsan? Bir hayqırsana,
Sükutun bağırın özün yarsana,
Yağının önünü kəsib dursana,
Yurdu kölə edən cahil İran var,
Araz, haray eylə, Güneydə qan var.
Təbrizi, Urmunu dinlədinmi heç?
Bizimtək ağrıyıb inlədinmi heç?
Rəbbə dar ağacı, zəncir dinmi heç?
Dinlə terror olmaz, əgər Quran var,
Araz, haray eylə, Güneydə qan var.
Adın islam qoyan dinə suç edir,
Rəbbə ibadətin şərə uc edir,
Kafirə əl tutur, özün bic edir,
Zülmə rəvac verən, ara vuran var,
Araz, haray eylə, Güneydə qan var.
Türk dilə həsrətdir o tayda xalqım,
Mənim də o tayla birləşmək haqqım,
Bir bayraq altında yerləşmək haqqım,
Ədalət kürsüsün sayan cahan var,
Araz, haray eylə, Güneydə qan var.
Ah-vaya batıbdır qardaş-bacımız,
Onlar nalə çəkir, artır acımız,
Güneyli-Quzeyli Vətən tacımız,
Orda dili bağlı can içrə can var,
Araz, haray eylə, Güneydə qan var.
Öz ana dilinə həsrətdir millət,
Yandırır ürəyi ah-nalə, zillət,
Bu nə köləlikdi, bu nə itaət,
İnsanlıq ölməyib, hələ vicdan var,
Araz, haray eylə, Güneydə qan var.
Ərz et, Bəzz qalası qalxsın, oyansın,
Babəkin ruhunu qoynunda ansın,
Bizimtək titrəsin, bizimtək yansın,
Yurdları dikəldib min il quran var,
Araz, haray eylə, Güneydə qan var.
Çağır Səttarxanı, gəlsin haraya,
Ruhu nalə çəksin yüksələn vaya,
Qəlbimiz alışır yanır o taya…
Bu tayda köz olan könlü viran var,
Araz, haray eylə, Güneydə qan var.
O taylı, bu taylı Vətən bir olsun,
Canımız bu eşqlə qoy əlbir olsun,
İstəklər qovuşsun, cana sirr olsun,
Diləyi diləyə yetirən an var,
Araz, haray eylə, Güneydə qan var.
Bakı, bir qulaq ver Ərdəbilinə,
İçində hicranın aşkar bilinə,
Denən heyran oldum şirin dilinə,
Damarda qanına bir doğma qan var,
Araz, haray eylə, Güneydə qan var.
Qalxıb el ayağa azadlıq deyir,
Yurda başdan-başa abadlıq deyir,
Dünya etməməli bu haqqı seyir,
Dili türkdür deyən böyük Turan var,
Araz, haray eylə, Güneydə qan var.
Denən Şadimanı üzür ayrılıq,
Bağrına əzablar düzür ayrılıq,
İstəmir Vətəndən üzr ayrılıq,
Bu acı dəhşəti səndən soran var,
Araz, haray eylə, Güneydə qan var.
01 noyabr 2022