Press "Enter" to skip to content

Rumıniyalı nazir Azərbaycan təcrübəsi ilə tanış olub

Qonaqlara islhatlar barədə məlumat verilir

Son yeniləmə: 3 Noyabr 2022 13:03

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qonaqlar səfər çərçivəsində Azərbaycanda əmək münasibətləri, əmək qanunvericiliyinin tətbiqinə nəzarət sahəsində aparılan islahatlarla tanış olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər Azərbaycanda aparılan sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əmək haqlarının artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb: “Son 4 ildə Azərbaycanda minimum əməkhaqqında 2,3 dəfə, orta aylıq əməkhaqqında 53 faiz, median əməkhaqqında 90 faizədək artım olduğu qeyd olunub. Yeni iş yerlərinin açılması, əmək münasibətlərinin leqallaşdırılması tədbirlərinin, əməkhaqqı islahatlarının müsbət nəticəsi kimi, həmin dövrdə Azərbaycanda əmək müqavilələrinin sayında 400 minə yaxın və 30 faiz artıma nail olunduğu bildirilib. Əməkhaqqı fondunun son üç ildə 2,2 dəfə, bu ilin 9 ayında 16 faiz artdığı diqqətə çatdırılıb”.

Görüşdə mütərəqqi beynəlxalq normalara uyğun olaraq əmək qanunvericiliyində edilən dəyişikliklər, əmək müfəttişliyi sisteminin elektron infrastrukturu və s. barədə məlumat verilib: “Vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin funksionallığı və əmək bazarına gətirdiyi yeniliklər diqqətə çatdırılıb. Qonaqlar üçün əmək münasibətləri sahəsində aparılan islahatlara dair təqdimat edilib. Rumıniyada da əmək münasibətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlər, aparılan islahatlar diqqətə çatdırılıb”.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.