Son yeniləmə: 3 Noyabr 2022 13:02
BAYRAQDAR MEDİA – “Bakıda türk dünyasının birliyindən bəhs edən sərgi keçirilir. Sərgi Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Kuzey Kıbrıs Türk Cumhuriyyəti (KKTC) Bakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçı-rəssam Elnurə İsgəndərova məlumat verib.
O, bildirib ki, Suraxanı rayon Gənclər Mərkəzində sərgilənən və KKTC Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi Tevfik Ulualın Qarabağ Zəfərinə həsr olunmuş “Qardaş ölkələr” sərgisi böyük maraqla qarşılanıb: “44 əsərin sərgiləndiyi tədbirin açılış mərasimində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, KKTC Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turguner, Xalq rəssamı, professor Arif Hüseynov çıxış ediblər. Çıxışlarda bu sərginin qardaş ölkələrin birliyinə böyük töhfə olduğu bildirilib. Natiqlər T.Uluala yaradıcılıq uğurları arzulayıblar”.
Sonda tədbirin təşkilində əməyi olan bir qrup şəxs KKTC Bakı nümayəndəliyi və Suraxanı Gənclər Evi adından diplomlarla təltif olunublar.
“Onu da qeyd edim ki, 5 gün izləyicilərə açıq olacaq sərgiyə gələnlər eyni zamanda Suraxanı rayon Gənclər Mərkəzinin dərnək müəllimi, ARİ-nin üzvü, El Art Studiyanın rəhbəri Elnara İsgəndərovanın tələbələrinin Zəfərə həsr etdikləri rəsm əsərləri ilə də tanış ola bilərlər”, – deyə E.İsgəndərova sonda əlavə edib.