Son yeniləmə: 3 Noyabr 2022 13:07
“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib.
Agentlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, konfransda Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Bildirilib ki, konfransı açılış nitqi ilə A.Allahverənov açıb: “A.Allaverənov bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. O, qeyd edib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub”.
Bundan əlavə, bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir: “Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas sütunlarından biridir”.
Konfransda həmçinin qeyri-hökumət təşkilatlarının rəhbərləri – Umud Mirzəyev, Hafiz Səfixanov, Anar Xəlilov, Ramil İsgəndərli, Xalid Kazımov, Xatirə Vəliyeva, Asəf Quliyev, Cəsarət Hüseynzadə, Əhməd Abbasbəyli, Faiq İsmayılov, Mehriban Abdullayeva, Rəfail Becanov, Əkrəm Bəydəmirli, Vüqar Əhmədov və Rey Kərimoğlu çıxış ediblər: “Natiqlər bildiriblər ki, hazırda işğaldan azad olunan torpaqlarda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, həm də kommunikasiyaların çəkilməsinə maneə yaradan yalnız minalardır. Təəssüf ki, düşmən sözügedən əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirib”.
Vurğulanıb ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır: “Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir. Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik”.
Çıxışlardan sonra konfrans qarşılıqlı diskussiya şəkilində davam edib. Konfransın yekunu olaraq qeyri-hökumət təşkilatları adından bəyanat səsləndirilib.