Press "Enter" to skip to content

Eynişərtli rəqabət imkanları məhdudlaşıb

Son yeniləmə: 3 Noyabr 2022 11:18

BAYRAQDAR MEDİAAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC-yə 715227 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Sanksiya MMC-nin “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğu əsas götürülərək tətbiq edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 3-də Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Dövlət Xidməti tərəfindən qarabaşaq məhsulunun topdansatışı bazarının rəqabətliliyi, bazarda hökmran mövqedən sui-istifadə hallarınınvə qiymət manipulyasiyasının olub-olmaması ilə bağlı araşdırmalar aparılıb: “Bununla əlaqədar olaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qarabaşaq satışı ilə məşğul olan bazar subyektləri barəsində iş qaldırılıb. İşə baxılma zamanı “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu və hökmran mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eynişərtli rəqabət imkanları məhdudlaşıb”.

Məlumatda o da bildirilib ki, Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamından irəli gələn məsələlər çərçivəsində istehlak səbətində əhəmiyyətli yer tutan qida mallarının satışı bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalar aparır.

Mission News Theme by Compete Themes.