Son yeniləmə: 3 Noyabr 2022 13:14
Məcid Cavadi: İranın Ermənistanla imzaladığı sənədlər “dənizə düşən ilana sarılar” misalını xatırladır
BAYRAQDAR MEDİA – “Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı bir sıra sənədlər imzalanıb. Bunlar içərisində Güney Azərbaycan torpaqlarından keçməklə Quzey-Güney dəhlizinin tamamlanması və inkişaf etdirilməsi, həmçinin İran şirkətlərinin Ermənistandakı yenidənqurma, bərpa işlərində iştirak etmələri ilə bağlı sənədlər də var. Təbii ki, bu, İranla Ermənistan arasında uzun müddətdir mövcud olan və İkinci Qarabağ savaşından sonra özünü daha açıq şəkildə göstərən strateji müttəfiqliyin bir örnəyidir”.
Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Onun sözlərinə görə, təbii ki, İran-Ermənistan ittifaqı Türkiyə-Azərbaycan birliyinə qarşı qurulan bir ittifaqdır: “Onu da deyim ki, İrandakı fars-molla rejiminin əsas dərdi İran daxilindəki Güney Azərbaycan və ölkə əhalisinin 40 faizini təşkil edən türklərdir. Buna görə də İran çarəni türk düşməni olan digər dövlət Ermənistanla ittifaqı gücləndirməkdə görür. Amma İranın mövcud rejimi yanılır. Çünki onların özləri də yaxşı bilirlər ki, bu cür addımların heç bir faydası olmayacaq. Əvvəla, Güney Azərbaycandakı milli oyanışın qarşısını ala bilməyəcəklər. Digər tərəfdən, Ermənistanla ittifaqı gücləndirmək xatirinə imzalanan sənədlər İrana heç bir dividend vəd etmir”.
M.Cavadi deyib ki, İranın indiki halda Ermənistanla imzaladığı sazişlər, əslində, “dənizə düşən ilana sarılar” misalını xatırladır: “Heç uzağa getməyək. N.Paşinyanın səfəri zamanı razılaşma əldə edildiyi Quzey-Güney dəhlizi barədə elə iranlı mütəxəssislərin özləri olduqca pessimist əhval-ruhiyyədədirlər. Qeyd olunur ki, bu, iqtisadi və maliyyə baxımından heç bir dəyəri olmayan, müsbət heç nə vəd etməyən bir dəhlizdir. Əvvəla, Ermənistan torpaqları və indiki Zəngəzur əraziləri belə bir dəhlizin keçməsi üçün relyef baxımından münasib deyil. İkincisi, orada hər hansı ilkin infrastruktur yoxdur. Bu infrastrukturu qurmaq üçün Ermənistanın maliyyə imkanları da yoxdur. Ən əsası, bu dəhlizin reallaşması üçün Gürcüstanın da razılığı olmalıdır. Halbuki bununla bağlı Gürcüstanla heç bir danışıq aparılmayıb. Bunu necə həll edəcəklər, hələ bəlli deyil”.
Müsahibimizin sözlərinə görə, bütün bunlar ona dəlalət edir ki, həmin dəhlizin reallaşacağı inandırıcı görünmür: “Digər tərəfdən, ortada bir Güney Azərbaycan faktoru da var. Təbii ki, bu dəhlizin çəkilməsinə Güney Azərbaycan türklərinin münasibəti müsbət ola bilməz. Elə yaxın keçmişdə, İkinci Qarabağ müharibəsi zamanı İran-Ermənistan əlaqələrinə Güney Azərbaycanlıların münasibəti də hər kəsə bəllidir. Güney Azərbaycanlılar hər zaman olduğu kimi bu gün də İran rejiminin antiazərbaycan siyasətinə qarşı kəsin etirazını bildirir. Bu gün Güney Azərbaycanda küçələrə çıxan azərbaycanlılar həm də İran rejiminin Azərbaycan Respublikasına qarşı addımlarını pisləyir, buna son qoyulmasını tələb edirlər”.