Son yeniləmə: 3 Noyabr 2022 16:44
Vuqar Bayramov: Azərbaycan Prezidentinin Əlcəzairə son səfərindən sonra iki ölkə arasındakı həm ticari dövriyyənin, həm də iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir
BAYRAQDAR MEDİA – “Azərbaycanla Əlcəzair arasında iqtisadi baxımdan əlaqələrin genişləndirilməsi imkanları olduqca böyükdür. Nəzərə alaq ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyon 373 min dollar olub. Bu ilin 7 ayında isə bu rəqəm 850 min dollara bərabər olub və gözlənilir ki, ilin sonuna qədər əvvəlki illə müqayisədə daha çox ticarət dövriyyəsinə nail olmaq mümkün olacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili açıqlamasında Prezident İlham Əliyevin Əlcəzairə səfərinin həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyət kəsb etdiyini bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi baxımdan potensial və əməkdaşlıq imkanları daha genişdir: “Cənab Prezidentin son səfəri də iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda investisiya qoyuluşları, birgə layihələrin rellaşdırılması məsələsi də gündəmdədir. Əlcəzair şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinin yenidən qurulmasında və iqtisadiyyatın formalaşmasında iştirak imkanları var. Bu məsələ də diqqət mərkəzindədir. Yəni hər iki ölkənin bu baxımdan əməkdaşlıq imkanları genişdir. Geniş potensial var və bu potensialın reallaşması praktiki olaraq ölkələrin strateji yaxınlaşmasının güclənməsi fonunda daha realdır. Azərbaycan Prezidentinin Əlcəzairə son səfərindən sonra iki ölkə arasındakı həm ticari dövriyyənin, həm də iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir”.