Press "Enter" to skip to content

Soçidə növbəti qələbə

Naqif Həmzəyev

Son yeniləmə: 3 Noyabr 2022 00:04

Naqif Həmzəyev: Ermənistan rəhbərliyi anlamalıdır ki, şəhərlərin, vasitəçilərin, ölkələrin heç bir fərqi yoxdur

BAYRAQDAR MEDİA – “Oktyabrın 31-də bütün dünyanın gözü Soçidə idi. Soçidə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirildi. Bu görüşdə çox maraqlı məqamlar var idi”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Ermənistan bu görüşə çox hazırlıqlı və ümidli gəlmişdi: “Ermənistan rəhbərliyi bu görüşdə bir çox məsələlərin razılaşdırılacağını və görüşdən uğurlu nəticə ilə ayrılacağını düşünürdü. Ancaq yekun bəyanatda biz Ermənistanın mövqeyini əks etdirən hansısa fərqli bir müddəanın əks olunduğunu görmədik. Bu, Ermənistanın növbəti məğlubiyyəti, Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirilməlidir”.

N.Həmzəyev deyib ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan və sayca dördüncü olan bu bəyanatda bundan öncəki sənədlərə istinad edilir: “Onu da deyim ki, Brüssel və Praqa görüşlərində nəzərdə tutulan bir çox məsələlər də oktyabrın 31-də Rusiyanın vasitəçiliyi ilə imzalanan Soçi bəyanatında öz əksini tapıb. Bir sözlə, Rusiya münasibətlərin normallaşması və sülhün əldə olunmasında maraqlı kimi çıxış etməkdədir. Ancaq onu da bildirmək vacibdir ki, məhz bundan öncəki görüşlərdə əldə edilmiş razılaşmaların hələ də reallaşmaması və real nəticələrin olmaması faktiki olaraq bu bəyanatın imzalanmasına gətirib çıxardı”.

Millət vəkili deyib ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında da bəyan etdiyi kimi, bu, çox əhəmiyyətli görüş oldu: “Hansısa maddələr və müddəalar tam razılaşdırılmadığına görə bəyanatdan çıxarıldı. Ancaq ümumilikdə burda çox maraqlı məqamlar var. Birincisi, burada Qarabağ sözü qeyd olunmur. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından və sülhün vacibliyindən bəhs olunur. Rusiya sülhməramlılarının iki illik fəaliyyətinə qiymət verilir, ancaq onun mandatı, müddətinin uzadılması ilə bağlı hansısa müddəa burada əks olunmur. Ən əsas odur ki, tərəflər ərazi bütövlüklərini və suverenliklərini tanıyırlar”.

“Bu bəyanatda öz əksini tapan əsas yeniliklərdən biri isə məhz ictimaiyyət nümayəndələrinin, parlamentin və din xadimlərinin qarşılıqlı dialoqda olmaları, birlikdə görüşlərini keçirmələri və xalq diplomatiyasının tətbiq edilməsinə üstünlük verilməsidir. Hesab edirəm ki, bu, onsuz da münasibətlərin yaxınlaşmasında zəruri bir elementlər idi”, – deyə N.Həmzəyev bildirib.

Deputat vurğulayıb ki, Ermənistan bu görüşdən düzgün nəticə çıxarmalı və üzərinə götürdüyü öhdəlikləri bir an öncə yerinə yetirməlidir: “Ermənistan rəhbərliyi anlamalıdır ki, şəhərlərin, vasitəçilərin, ölkələrin heç bir fərqi yoxdur. Çünki Azərbaycanın mövqeyi dəyişməzdir və əsaslandığı, təklif etdiyi beş prinsip Ermənistanla aparılan danışıqların əsas predmetidir”.

Mission News Theme by Compete Themes.