Press "Enter" to skip to content

Qoruyaq bu dövlət, bu məmləkəti!

Namik XINALIQLI

Son yeniləmə: 1 Noyabr 2022 09:39

BAYRAQDAR MEDİA – Qubada yaşayan şair, gənc ziyalı Namik Xınalıqlının “Qoruyaq bu dövlət, bu məmləkəti!” adlı şeirini təqdim edirik.

Demə ağrıları nədə alırıq!
Kimə ki, can dedik zədə alırıq!
Şimaldan-cənubdan hədə alırıq!
Parladıqca yurdumuzun şöhrəti,
Qoruyaq bu dövlət, bu məmləkəti!

Bizə nə fərqi var Gəncə, Şamaxı?
Bütöv Azərbaycan bizimdir axı!
Otuz bir mart ayın soyqırım dağı
Çıxmaz iliyimdən, çıxmaz ki, qəti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

Bir gün işğal oldu ellər-obalar!
Sonra sürgün düşdü şair babalar!
Bir gün də çin oldu əziz dualar
Nəhayət yaratdıq bu əzəməti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

Nə qasırğalar, nə çovğunlar gördük!
Sürgündə can verən yorğunlar gördük!
Xocalı düzündə qırğınlar gördük
Tutub iyirmi yanvar şəhadəti,
Qoruyaq bu dövlət, bu məmləkəti!

Məhəmmədəmin də, Heydər də babam!
Dahilərini heç ölçərmi adam?!
Bu gün ki, azadlığa nə qədər şadam
Necə inkar edim mən bu qüdrəti?!
Qoruyaq bu dövlət, bu məmləkəti!

İstər müxalifət, istər iqtidar
Payımıza düşüb bir şanlı bahar!
Min ilə yol alsın deyə bu qatar
Edib yoluna hər bir cür xidməti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

İstər kasıb olsun, istərsə varlı
Tarix yaşamışıq boranlı, qarlı!
Şəhidlər vermişik qaya vüqarlı
Oğullar itirdik yaxıb milləti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

Ali-Baş Komandan verir ki, xəbər
Bizimdir qələbə, bizimdir zəfər!
Xalqımda inam var, ordumda təpər
Saxlayaq sonacan bax, bu vəhdəti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

Şərqini qucaqla, qərbini oxşa!
Mülkünü əzizlə, hərbini oxşa!
Himnini əzbərlə, gerbini oxşa!
Asıb ürəyindən bu səadəti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

Türkük, ayrı ruha hopa bilmərik!
Ayrı bir sevdanı tapa bilmərik!
Bu sevdadan əsla qopa bilmərik
Daim uca tutub bu məhəbbəti,
Qoruyaq bu dövlət, bu məmləkəti!

Bayrağı qaldıran sancağı öpüb!
Şəhidlər can verən torpağı öpüb!
Şuşada ucalan bayrağı öpüb
Bildirib bu yurda can sədaqəti!
Qoruyaq bu dövlət, bu məmləkəti!

Mission News Theme by Compete Themes.