Press "Enter" to skip to content

İran hər zaman düşmən cəbhəsində yer alıb

Zaur Bayramlı

Son yeniləmə: 1 Noyabr 2022 12:30

Zaur Bayramlı: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının talanmasında İranın çox böyük rolu var

BAYRAQDAR MEDİA – “İran təkcə 44 günlük Vətən müharibəsi zamanı deyil, ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk illərdən düşmən tərəfdə olub. Hər zaman düşmən cəbhəsində yer alan İran işğalçı Ermənistana hər cür dəstək verib. Hətta Şuşanın Ermənistanın işğalı altına düşməsində İranın rolundan zaman-zaman bəhs edilir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda Birləşmiş Ştatlarda yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı deyib.

İran din məsələsində də səmimi deyil

Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının talanmasında da İranın çox böyük rolu var: “İran nəinki Ermənistanın törətdiyi vəhşiliklərə seyrçi qalıb hətta çox vaxt bu cinayətlərə ortaq olub. Bəlli olduğu kimi İran çox vaxt Azərbaycana qarşı haqsız davranışlarını din pərdəsi altında reallaşdırır. Amma din adından istifadə edən İran bilmirdimi ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında məscidlərdə donuz saxlayır? Təbii ki, bilirdi və bu da İranın din məsələsində də səmimi olmadığını bir daha ortaya qoyur”.

İranın türk dünyasına qarşı düşmənliyi daha da artıb

İranın Azərbaycan əleyhinə fəaliyyətlərinin son zamanlar daha da aktivləşməsinə gəlincə, Z.Bayramlı deyib: “Bu, İranın Azərbaycana qarşı Ermənistandan da betər düşmənlik etdiyini növbəti dəfə təsdiqləyir. Hətta Ermənistan belə öz məğlubiyyəti ilə barışdığı halda, İran bu həqiqəti qəbul etmək istəmir. Fars-molla rejimi Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir, bu reallıqla barışmaq istəmir. Xüsusilə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsindən sonra İranın türk dünyasına qarşı düşmənliyi daha da artıb”.

Türk faktoru İranın mövcud rejiminin yuxusunu ərşə çəkib

Müsahibimiz deyib ki, türk faktoru İranın mövcud rejiminin yuxusunu ərşə çəkib: “Səbəb isə bəllidir. İran öz daxilindəki türklərə, o cümlədən Güney Azərbaycan türklərinə uzun illərdir ki, olmazın əzablar verir. Onların adi haqlarından istifadə etməsinə imkan yaratmır. İndi türk dünyası hər keçən gün daha da güclənir. İran rejiminin təmsilçiləri də düşünürlər ki, türk dünyası, Türk Dövlətləri Təşkilatı gücləndikcə İran daxilindəki türklərə də dəstək veriləcək. Buna görə də çox ciddi şəkildə narahatdırlar. Son zamanlar İran daxilində baş qaldıran üsyanlar da Tehran rejimini ciddi narahat edir. Çünki həmin üsyanlar başqa səbəbdən başlasa belə, Güney Azərbaycan türklərinin “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə meydanlara çıxması dünyanın diqqətini cəlb edib”

Müstəqillik şüarlarından geri çəkilməmək lazımdır

“Bu prosesdə Güney Azərbaycan türkləri, daha doğrusu, Güney Azərbaycan adına İran daxilində və xaricdə mübarizə aparan təşkilatlar nə etməlidir” sualına gəlincə, Z.Bayramlı aşağıdakıları bildirib: “İlk olaraq onlar birlik və bərabərlik nümayiş etdirməlidirlər. İkincisi, müstəqillik şüar larından geri çəkilməmək lazımdir. Azərbaycan və Türkiyənin üzərinə düşən isə bu haqlı tələbi dəstəkləmək olmalıdır. Bu yerdə mən Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən səsləndirdiyi fikirləri xatırlatmağı da vacib sayıram. Prezident bəyan etdi ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla qan qardaşlarımızı dəstəkləyəcəyik. Cənab Prezident dedi ki, təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, bu, tarixi və önəmli fikirdir”.

Mission News Theme by Compete Themes.