Son yeniləmə: 3 Noyabr 2022 00:00
Emin Həsənli: Həm Ermənistan, həm onu yenidən ağılsız addımlara sövq edən bəzi xarici ölkələr bir daha Azərbaycanın qətiyyətli mövqeyinin şahidi oldular
BAYRAQDAR MEDİA – “Soçi görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi tarixə yazıldı. Bu görüş Ermənistanın bəzi əsassız gözləntilərini və ümidlərini tamamilə puç etdi. Cənab Prezident İlham Əliyev bir daha açıq kontekstdə bəyan etdi ki, Qarabağ problemi artıq həll olunub”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Soçi görüşü həm region ölkələri, həm də beynəlxalq aləm tərəfindən diqqətlə izlənilirdi: “Bu da səbəbsiz deyildi. Son vaxtlar bəzi xarici dövlətlərin, xüsusilə də İran və Fransanın təhrikedici fəaliyyətləri fonunda Ermənistanın təxribatlarının artması bəzi narahatlıqlar yaratmışdı. Digər tərəfdən bu, regionda əbədi sülhün olmasını istəməyən bəzi xarici güclərdə hansısa ümidlər oyatmışdı. Lakin cənab İlham Əliyevin qətiyyətinə söykənən Azərbaycan diplomatiyası yenə öz sözünü dedi. Çörəkləri qandan, müharibədən çıxan xarici güclərin, o cümlədən onlara bel bağlayan Ermənistanın xəyalları suya düşdü. Həm Ermənistan, həm onu yenidən ağılsız addımlara sövq edən bəzi xarici ölkələr bir daha Azərbaycanın qətiyyətli mövqeyinin şahidi oldular. Bir sözlə, 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edən Azərbaycanın danışıqlar masasında da eyni qətiyyət nümayiş etdirməsi Soçidə də öz sözünü dedi”.
E.Həsənli deyib ki, Soçi görüşünün sonunda imzalanan bəyanat birmənalı olaraq son zamanlar revanşizm meylləri sərgiləyən Ermənistan hakimiyyətinin fiaskosu kimi dəyərləndirilməlidir: “Əvvəl sərhəddə təxribat törədib KTMT-ni prosesə cəlb etmək istəyi puç olan Ermənistan buna oxşar bir zərbəni də oktyabrın 31-də Soçidə aldı. Soçi bəyanatında Qarabağla bağlı bir kəlmə belə öz əksini tapmayıb. Digər tərəfdən, bəyanatda öz əksini tapan “Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik” fikri də Ermənistanın və bəzi xarici güclərin “DQR”i diriltmək cəhdlərinə vurulan ölümcül zərbə oldu”.
“Fikrimi davam etdirərək bir daha o məqamın üstünə gəlirəm ki, 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan öz qalibiyyətini diplomatik cəbhədə də davam etdirir. Daha doğrusu, hərbi cəbhədə qazandığımız uğurlar diplomatik cəbhədə daha da möhkəmləndirilir. Bunu Ermənistan hakimiyyəti nəhayət ki, başa düşməli və ağıllı addım atmaqda özündə güc tapmalıdır. Özü də vaxt itirmədən. Yoxsa onlar üçün gec ola bilər”, – deyə E.Həsənli sonda əlavə edib.