Son yeniləmə: 1 Noyabr 2022 10:58
BAYRAQDAR MEDİA – Oktyabrın 31-də 44 günlük Vətən savaşında qəhrəmancasına şəhid olan Vüsal Aftandil oğlu Məmmədova həsr olunan “Cəsur Ürək” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Film “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə ərsəyə gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “Nizami” Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhidin ailə üzvləri, millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər: “Təqdimat mərasimində öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra isə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib”.
Məlumata əsasən tədbiri giriş sözü ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədr müavini Məsimə Məmmədova açıb. O, filmin peşəkar heyət tərəfindən hazırlandığını qeyd edərək, dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən filmin layihə rəhbəri Aqil Ələsgər qeyd edib ki, filmdə şəhid Vüsalın həyatı öz dilindən əks olunub:“Vüsalın arzularından biri də filmə çəkilmək idi. Biz bunu eşidəndə fərqli bir ssenari düşündük. Şəhidlərlə bağlı əksər sənədli filmlər üçüncü şəxsin təqdimatında olur. Biz isə filmi Vüsalla başladıq, onun təqdimatı ilə davam etdik. Bu layihənin reallaşmasına verdiyi dəstəyə görə QHT Agentliyinə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və şəhidimizin ailəsinə təşəkkür edirəm. Məhz onların dəstəyi ilə arzu etdiyimiz filmi ərsəyə gətirə bildik”.
Məlumatda deyilir ki, şəhidin anası Mahirə Məmmədova öz çıxışı zamanı filmin yaradıcı heyətinə təşəkkürünü bildirib: “O, qeyd edib ki, gücü yetdiyi qədər Vüsalın arzularını gerçəkləşdirməyə çalışacaq. Bu yolda onunla bərabər addımlayanlara təşəkkürünü bildirən Mahirə xanım başda şəhid anaları olmaqla, təqdimat mərasimində iştirak edənlərə minnətdarlıq edib”.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova isə vurğulayıb ki, Agentlik daima bu istiqamətdə hazırlanan layihələrə dəstək verir və bu dəstək davam etdiriləcək.
Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyevin sözlərinə görə, Azərbaycan dövləti daim şəhid və qazi ailələrini diqqətdə saxlayıb, onların qayğıları ilə maraqlanıb. O, qeyd edib ki, bu kimi layihələr şəhidlərimizin əziz xatirəsini yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhidlərimiz, qazilərimiz haqqında film çəkilməsi təqdirəlayiq haldır.
Politoloq Arzuman Abdulkərimov isə bildirib ki, bu gün şəhidlərin yatdığı torpağın üstündə qürurla gəzə bilirik: “Əslində, hər birimiz şəhid ailələrinin doğmalarıyıq. Ölkə başçısı da hər zaman öz çıxışlarında hər bir şəhidimizi öz doğması kimi qəbul etdiyini bildirib. Bu gün biz şəhidlərimiz sayəsində alnıaçıq gəzə bilirik”.
Tədbir şəhid Vüsal Məmmədova həsr olunan “Cəsur Ürək” sənədli filminin təqdimatı ilə davam edib: “Filmin nümayişindən sonra layihə çərçivəsində hazırlanan disklər iştirakçılara təqdim edilib. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhid Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. Sonda xatırladaq ki, “Cəsur ürək” “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən çəkilən sayca dördüncü sənədli filmdir”.