Son yeniləmə: 31 Oktyabr 2022 14:44
Elnurə İsgəndərova: Rəsm həvəskarları üçün bir-birindən maraqlı layihələr reallaşdıracağıq
BAYRAQDAR MEDİA – “Ötən dövrlərdə olduğu kimi, yenə də mədəniyyətin, incəsənətin inkişafına dəstək üçün üzərimizə düşən işləri görməkdə davam edirik. Onu da deyim ki, artıq yeni mövsümə başlamışıq. Həm Qırğızıstanın, həm də Meksikanın Azərbaycandakı səfirlikləri ilə gözəl layihələr reallaşdırmışıq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında bir sıra maraqlı layihələrin rəhbəri, rəssam Elnurə İsgəndərova deyib.
Onun sözlərinə görə, oktyabrın 24-də təşkil edilən “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgidə Qırğızıstan mədəniyyəti, təbiəti, mətbəxi, adət ənənələri təsvir olunmuşdu: “Azərbaycanlı rəssamların bu mövzularda çəkdiləri rəsm əsərləri tədbir iştirakçıları tərəfindən maraqla qarşıandı. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanəliyev də iki qardaş ölkə arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş sərginin möhtəşəm olduğunu bildirdi”.
E.İsgəndərova deyib ki, sərgidə müxtəlif yaş qruplarından olan 125 rəssam iştirak edirdi: “Rəssamlar Qırğızıstan səfiri tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olundular. Sərgi iştirakçıları eyni zamanda qırğız mətbəxinə aid təamları da daddılar”.
O, qeyd edib ki, növbəti tədbir oktyabrın 28-də olub: “Həmin gün Azərbaycan Dillər Universitetində (ADU) Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Tzompantli” adlı sərgi oldu. ADU-nun rektoru Kamal Abdulla, Meksikanın səfiri Xuan Rodrigo Labardini, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer və digər qonaqların da iştirak etdiyi bu sərgidə isə respublikanın müxtəlif bölgələrindən olan 140 rəssamın əsəri nümayiş etdirildi”.
“Təbii ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Qarşıda da həm mədəniyyətin, həm də xalqlar arasında əlaqələrin inkişafına xidmət edən layihələri reallaşdırmaq niyyətindəyik. Məlumat üçün deyim ki, növbəti belə tədbirimiz noyabrın 1-də Suraxanı Gənclər Evində olacaq. Həmin gün KKTC-nin Bakıdakı nümayəndəliyinin mədəniyyət və təhsil müşaviri Tevfik Ulualın “Qardaş ölkələr” adlı foto və rəsm sərgisi təqdim ediləcək”, deyə E.İsgəndərova sonda əlavə edib.