Son yeniləmə: 31 Oktyabr 2022 10:37
Zaur Bayramlı: İran rejimi əleyhinə davamlı aksiyalar keçiriləcək
BAYRAQDAR MEDİA – İranda etirazlar davam edir. Hər ötən gün aksiyalar daha da güclənir.
Bu arada isə xarici ölkələrdə də İranın fars-molla rejiminin əməllərinə etiraz olaraq silsilə aksiyalar keçirilir. Növbəti belə aksiya isə ötən şənbə Vaşinqtonda olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya həmin aksiyanın iştirakçısı, hazırda Birləşmiş Ştatlarda yaşayan Azərbaycanlı, ictimai-siyasi fəal Zaur Bayramlı məlumat verib.
O, qeyd edib ki, aksiyada İranda yaşayan xalqların nümayəndələri öz bayraqları ilə iştirak ediblər: “Böyük yürüş və mitinq keçirildi. Aksiya iştirakçıları İran rejimi əleyhinə şüarlar səsləndirdilər. Məhsa Əmininin İranın əxlaq polisi tərəfindən öldürülməsinə etiraz olaraq başlayan aksiyalara dəstək məqsədilə keçirilən yürüş-mitinqdə Güney Azərbaycandan olan soydaşlarımız da iştirak edirdilər”.
Aksiyada həm Azərbaycan Respublikasının, həm də Güney Azərbaycanın milli mücadilə bayrağı dalğalandırılıb: “Həmçinin, Güney Azərbaycanda hazırda əsas şüar olan “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilib. İran rejiminin cinayətlərinə etiraz olaraq keçirilən aksiyanın davamlı olmasına qərar verildi. Yəni, qərara əsasən hər həftənin şənbə günü eyni məzmunlu aksiyalar keçiriləcək”.