Press "Enter" to skip to content

KKTC yeni dönəmə doğru

Nadir Azəri

Son yeniləmə: 31 Oktyabr 2022 14:37

BAYRAQDAR MEDİAKuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) tarixinin ən önəmli dövrünə qədəm qoyur desək, heç də yanılmarıq. Çünki bu dövrün əsası bələdiyyələr sahəsində reallaşdırılan islahatlarla qoyulur. Hər halda hakim koalisiyanın bələdiyyələrlə bağlı parlamentdə qəbul etdiyi yeni qanunun Konstitusiya Məhkəməsi səviyyəsində də dəstəklənməsi belə deməyə əsas verir.

Məlumat üçün bildirək ki, Ünal Üstelin rəhbərlik etdiyi UBP-DP-YDP koalisiyası ölkədə bir-birini əvəz edən siyasi böhranlara son qoymaq üçün konkret hərəkətə keçib. Bu istiqamətdə ilkin addımın isə bələdiyyələr sahəsində atılmasına qərar verilib. Bu da təəccüblü deyil. Çünki bu ölkədə bütün proseslərin, o cümlədən problemlərin əsası məhz yerlərdən qoyulur. Ölkədəki siyasi problemlərin həllində qətiyyət göstərən hakim koalisiya da bunun üçün ilk olaraq bələdiyyələrdən başlamağa qərar verib.

Düzdür, müxalifət bu addımın qarşısını almaq üçün cəhdlər edir. Lakin Konstitusiya Məhkəməsinin yerli seçkilərə 18 bələdiyyə ilə gedilməsinə dair verdiyi qərar müxalifətin cəhdlərini puça çıxarıb.

Artıq bütün siyasi qüvvələr dekabrın 25-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlaşır. Öz növbəsində hökumət təmsilçilərinin seçkilərə vahid siyahı ilə getmək barədə qərarı ölkədə siyasi canlanma yaradıb. Bu, eyni zamanda, ölkənin gələcək inkişafında da mühüm rol oynaya bilər.

KKTC-də sabit gələcəyə doğru növbəti addım

Çünki müxalifətin əsas hədəfi hökumət ortaqlarının nəzarətindəki bələdiyyələrə nəzarəti ələ keçirərək reallaşdırılan siyasətə mane olmaqdır. Məhz bu istəyin baş tutmaması üçün isə hökumətdə təmsil olunan üç partiya “çəkici bir zindana vurmağa” qərar verib.

Heç şübhəsiz, bu birlik, bu ittifaq KKTC-də çoxdan gözlənilən və ümumi idarəçilikdə dəyişikliyə səbəb olacaq genişmiqyaslı islahatlara da yaşıl işıq yandırmış olacaq. Böyük ehtimalla bələdiyyə seçkilərindən qalib ayrılacağı təqdirdə – buna isə şübhə yoxdur – hakim koalisiya yeni idarəçilik sisteminə, yəni prezident üsul-idarəsinə keçidlə nəticələnəcək islahatları reallaşdırmağa qərar verəcək.

Bu arada istər Baş nazir Ünal Üstelin, istərsə də baş nazirin müavini Fikri Ataoğlunun açıqlamaları da diqqətdən qaçmayıb. Məlumata əsasən, mətbuata açıqlama verən Baş nazir bələdiyyələrlə bağlı atılan addımın islahatların başlanğıcı olduğuna işarə edib: “Bələdiyyə islahatı bələdiyyələrin daha effektiv və müasir xidmətlər göstərməsi üçün ilk addım idi. Bunun ardı gələcək. Bəziləri islahatın qarşısını almağa çalışsalar da uğursuzluğa düçar oldular. Biz bundan sonra da xalqımıza daha yaxşı xidmət etmək üçün çalışacağıq. Xalqımızın həyat keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni addımlar atacaq, daha yaxşı sabaha çatmaq üçün yeni islahatlarla davam edəcəyik”.

Demokrat Partiyasının (DP) sədri, Baş nazirin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da “Ümid edirik ki, yerli özünüidarələrlə bağlı islahatlar yeni başlanğıcların simvolu olacaq” deyib.

Onun “Daha əvvəl də qeyd etdiyimiz kimi, təkcə yerli özünüidarəetmə orqanlarında islahatlar kifayət deyil. Hər sahədə tıxanma yaradan, xalqımızın, hərəkətlərimizin qarşısına əngəl törədən hər bir yanlış strukturu dəyişməliyik. Ona görə də bütün sahələrdə islahatlar lazımdır. Bu məsələdə addımlarımız davam edəcəkdir”, sözləri isə hökumət ortaqlarının çoxdan gözlənilən köklü islahatlara hazır olduğundan xəbər verir.

KKTC-də də siyasi islahatların vaxtı çatıb

Beləliklə, BAYRAQDAR MEDİA olaraq bizim də israrla irəli sürdüyümüz “KKTC-ni daxili siyasi böhranlardan dərin islahatlar xilas edə bilər” tezisi artıq reallıqda öz təsdiqini tapmağa yaxındır. Sadəcə bu məsələdə dəstək növbəsi xalqındır. Kıbrıs türk xalqı dekabrın 25-də sesvermədə iştirak edərək hakim koalisiyanın namizədlərinə, bununla da ölkəni davamlı inkişaf və sabitliyə aparacaq islahatlara səs verməlidir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.