Son yeniləmə: 31 Oktyabr 2022 18:34
Bu dəfə Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə
BAYRAQDAR MEDİA – “ABAD” publik hüquqi şəxsin yaratdığı keramika mərkəzləri ölkəmizin, eləcə də regionun unikal bir yaradıcılıq platformasıdır. 2018-2019-cu illərdə “PAŞA Holdinq”in dəstəyi ilə inşa edilən Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (“TİKA”) tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Bu barədə oktyabrın 31-də Mərkəzə jurnalistlər üçün təşkil edilən mediatur zamanı məlumat verilib.
“ABAD”ın direktoru Rüfət Elçiyev jurnalistlərə açıqlamasında bildirib ki, mərkəzin məqsədi Azərbaycanın tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır: “Mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə və s. proseslərini ərsəyə gəlməsinə dəstək verir. Hazırda Mərkəzdə on əməkdaş daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır”.
O da vurğulanıb ki, Azərbaycanda yeni brendlərin əsasının qoyulması “ABAD”ın ali məqsədlərindəndir: “Belə ki, Mərkəzdə yaradılmış şəraitdən və “ABAD” xidmətlərindən yararlanmaqla “ART Factory” adlı yeni “ABAD”çı müəssisə formalaşıb. “ABAD”çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir”.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Azərbaycan üzrə koordinatoru Fatih Yılmaz isə belə bir layihəyə dəstək verməkdən məmnunluqlarını ifadə edib. O, bu Mərkəzin həm tarixi keramika ənənələrinin yaşadılması, həm də insanlar üçün əlavə iş yerlərinin açılması baxımından önəm kəsb etdiyini deyib.
Sonra media təmsilçiləri Mərkəzdə həyata keçirilən işlərlə yaxından tanış olublar.