Son yeniləmə: 31 Oktyabr 2022 11:36
Mehsa Mehdili: Güney Azərbaycan Milli Hərəkatı əvvəllər olduğu kimi yeni dönəmdə də Təbriz mərkəzli bir idarəetmə və fəaliyyət sərgiləyir
BAYRAQDAR MEDİA – “Bəlli olduğu kimi, xeyli müddətdir İranda etiraz aksiyaları keçirilir. Rejim əleyhinə olan bu aksiyaların özəlliyi isə qadınların öndə olmasıdır. Artıq bütün dünya görür ki, İran qadınları da qorxmadan, çəkinmədən rejim əleyhinə aksiyalara qoşulub, hətta bu aksiyaların önündə gedirlər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İdarə Heyətinin üzvü Mehsa Mehdili deyib.
Onun sözlərinə görə, digər tərəfdən etiraza qatılaraq İran rejimi tərəfindən öldürülənlərin yaş ortalaması da çox aşağıdır: “Bu onu göstərir ki, yeni nəslin nümayəndələri həm mövcud İran rejimindən çox narazıdır, həm də onlar daha iradəlidirlər”.
M.Mehdili bildirib ki, bu etirazların başqa bir cəhəti isə fərqli millətlərin eyni amal uğrunda mübarizəyə qalxması ilə bağlıdır: “Özü də hər bir millətin təmsilçiləri ümumilikdə İran rejiminə qarşı vahid addım atmaqla yanaşı, hər biri öz azadlıq mübarizəsinə dair şüarlar da səsləndirir. Bunun örnəyi olaraq Güney Azərbaycandakı aksiyaları göstərə bilərik. Güneydə mövcud İran rejiminin əməllərinə etiraz etməklə yanaşı, “Azadlıq, ədalət, milli hökumət” şüarları da səsləndirilir. Qeyd edim ki, Güney Azərbaycan Milli Hərəkatının bu şüarı xalq tərəfindən dəstəklənir və meydanlarda səsləndirilir. Bu çox önəmlidir”.
Prosesin necə nəticələnə biləcəyinə gəlincə, müsahibimiz deyib: “Biz 1979-cu il inqilabını görməmişik. Amma o dövrün şahidləri deyir ki, hadisələrin inkişafı oxşardır. Yəni o zaman da etirazlar başlayıb, genişlənib. Nəticədə də şah rejimi devrilib. İndi də görürük ki, başlanan aksiyalardan İranın mövcud rejimi çox böyük zərbə alıb. Rejim daxildə baş verənlərin qarşısını ala bilmir və çıxış yolunu Azərbaycanı hədəf göstərməkdə görür. Molla rejimi Azərbaycanı hədəf göstərməklə diqqəti daxildəki etirazlardan, narazılıqdan və problemlərdən yayındırmaq istəyir. Ancaq bu cəhdlər əbəsdir. Çünki xalq hər şeyi görür və dəqiq dəyərləndirir”.
M.Mehdili qeyd edib ki, İran rejiminin zəifləməsi bu ölkə daxilində yaşayan xalqların azadlığa qovuşmasına yol açacaq: “Bu, bizim üçün də böyük bir tarixi fürsət olacaq. Güney Azərbaycan İran istibdadından qurtulmaq üçün daha əmin addımlar atacaq. Güney Azərbaycan Milli Hərəkatı yaranmış fürsəti dəyərləndirərək öz sözünü deyə biləcək. Onu da deyim ki, Güney Azərbaycan Milli Hərəkatı əvvəllər olduğu kimi yeni dönəmdə də Təbriz mərkəzli bir idarəetmə və fəaliyyət sərgiləyir. Bizim üçün azadlıq, Vətən anlayışı əsasdır. Ona görə də Güney Azərbaycan türkləri “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə meydanlara çıxıb”.