BAYRAQDAR MEDIA – Qətərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatası arasında Azərbaycan – Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 31-də KOBİA-dan məlumat verilib.
Məlumata əsasən, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar: “Azərbaycan-Qətər Biznes Şurası iki ölkə arasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyəti və gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaqdır. Biznes Şurası tərəfindən Azərbaycan və Qətər arsaında ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüsləri dəstəklənəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına köməklik ediləcəkdir. Həmçinin, sahibkarların qarşılıqlı səfərləri, görüşləri, birgə seminarlar və dəyirmi masalar təşkil olunacaq, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsi həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək göstəriləcəkdir”.