Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb
BAYRAQDAR MEDİA – 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Məlumata əsasən yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb: “Döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb. Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin olunub”.