Press "Enter" to skip to content

Vahid qaydaların tətbiqi zəruridir

Elnur Nəsibov tədbirdə çıxış edərkən

Son yeniləmə: 28 Oktyabr 2022 13:23

BAYRAQDAR MEDİA – “Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir”.

Bunu elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda keçirilən “Dəyirmi masa”da deyib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Dəyirmi masa”da elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Nazirlik yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və digər şəxslər iştirak ediblər.

Çıxış edən E.Nəsibov bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir: “Həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir”.

Mövcud qaydalarla bağlı ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq məsələsinə toxunan E.Nəsibov bu məqsədlə təhsil işçilərindən ibarət spikerlərin müəyyənləşdirilməsini təklif edib.

Mehriban Vəliyeva çıxış edərkən
Mehriban Vəliyeva çıxış edərkən

Tədbirdə çıxış edən BŞTİ müdiri M.Vəliyeva məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır: “M.Vəliyeva müəllimin vəzifələri ilə yanaşı valideynin də övladının mənəvi yetkinliyinə cavabdehliyi məsələsinə toxunub. Bildirib ki, valideynlər də öz məsuliyyətlərini anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməli və məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirak etməlidirlər”.

Elnur Əliyev çıxş edərkən
Elnur Əliyev çıxş edərkən

Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri E.Əliyev hər iki sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bunun məktəb idarəetməsində səmərəliliyin artırılması işinə böyük töhvə verəcəyini diqqətə çatdırıb: “Bildirib ki, qaydalar və nizam-intizam olmadan təlim- tərbiyə baxımından istənilən nəticəni əldə etmək mümkünsüzdür. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. E.Əliyev təklif olunan qaydaların ictimai müzakirələrdən sonra daha da təkmilləşdiriləcəyini, çərçivə sənədi kimi faydalı olacağını nəzərə çatdırıb”.

Müzakirələr zamanı
Müzakirələr zamanı

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü P.Məmmədova, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri B.Məmmədov, Hüquq sektorunun müdiri K.Əliyev, TDM-in direktoru İ.Həsənov, direktorlar, direktor müavinləri, müəllimlər, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri indiyə qədər başqa sənədlərdə əksini tapmış qaydaların vahid bir sənəddə cəmləşdirilməsini yüksək qiymətləndiriblər. Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.

Mission News Theme by Compete Themes.