Son yeniləmə: 28 Oktyabr 2022 12:59
BAYRAQDAR MEDIA – Ağdam Melioservis İdarəsi Füzulidə beton kanal çəkir.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 28-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
O, bildirib ki, Ağdam Melioservis İdarəsi 2022-ci ildə müqavilələr əsasında torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini, həmçinin Ağdam və Bərdə rayonları ərazisində 258 min kubmetr həcmdə kanalların, dren və kollektorların lildən təmizlənməsini həyata keçirir: “İdarə tərəfindən Füzuli rayonu Gecəgözlü kəndi ərazisindən keçən Qurultay arxının 1 min 170 metrdən artıq hissəsinin beton üzlüyə alınması işləri yüksək keyfiyyətlə yerinə yetirilib və hazırda kanalda son tamamlama işləri görülür. Bu vaxta qədər torpaq məcralı olan kanalda su itkiyə gedirdi ki, bu da əkin sahələrinin suvarılmasında fasilələrə səbəb olurdu. Artıq kanalın beton üzlüyə alınması ilə bu problem aradan qalxacaq”.
Qeyd edilib ki, İdarə tərəfindən Ucar rayonu ərazisində torpaq məcralı Qazıqumlax kanalının da 880 metr olan hissəsinin beton üzlüyə alınması işlərinə başlanılıb: “Həmin kanalda beton işlərinin noyabr ayının sonunadək tamamlanması nəzərdə tutulur. Ağdam Melioservis İdarəsi Ağdam rayonu ərazisində yerləşir. İdarə ölkənin bir çox rayonlarında meliorativ tədbirlər planına uyğun olaraq işlər görür. İndiyə qədər Ağdam rayonu ərazisində 40 min kubmetr, Bərdə rayonun da isə 25 minkub metr həcmdə torpaq kanalların lil və kol-kosdan təmizlənməsi işləri həyata keçirilib”.