Son yeniləmə: 28 Oktyabr 2022 12:26
Elvin Hasan: Frontex üzrə sazişin makedon dilində imzalanması bizim üçün çox önəmlidir
BAYRAQDAR MEDİA – “Frontex üzrə saziş bizim üçün çox önəmlidir. Bu, bir tərəfdən Quzey Makedoniyanın Avropa Komissiyası ilə əməkdaşlığı, digər yandan da sazişin makedon dilində imzalanması baxımından böyük önəm kəsb edir”.
Bunu Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası Mərkəzi Yönətim Kurulunun üzvü olan Elvin Hasan BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
Xatırladaq ki, bir neçə gün öncə Quzey Makedoniya ilə Avropa Komissiyası arasında AB-nin sərhəd mühafizəsi agentliyi olan Frontex üzrə saziş imzalanıb. Paytaxt Skopyedəki hökumət binasında keçirilən imzalama mərasimində Quzey Makedoniyanın Baş naziri Dimitar Kovaçevski və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen iştirak edib.
Makedon dili AB-nin 25-ci rəsmi dili olacaq
Quzey Makedoniyanın daxili işlər naziri Oliver Spasovski, AB-nin daxili işlər üzrə komissarı İlva Yohansson və Çexiyanın AB-də sədrliyi adından Çexiyanın Skopyedəki səfiri Yaroslav Ludva tərəfindən imzalanan sazişi dəyərləndirən E.Hasan deyib: “Bu sazişin makedon dilində imzalanması sıradan bir məsələ deyil. Quzey Makedoniyanın AB-yə üzvlüyü ilə bağlı prosesin başlanması ilə makedon dili AB-nin rəsmi dili olacaq. Bu vaxta kimi AB-də 24 rəsmi dil var və makedon dili rəsmi status alan 25-ci dil olacaq. Məhz bu ərəfədə Frontex üzrə sazişin makedon dilində imzalanması bizim üçün çox önəmlidir. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında cənab Baş nazir Dimitar Kovaçevskinin də bəyan etdiyi kimi, bu, Quzey Makedoniya və onun xalqı üçün böyük bir gündür. Biz Frontex sazişini hansısa qeydlər, ulduzlar, əlavələr olmadan makedon dilində imzaladıq. Bir sözlə, sözügedən sazişin makedon dilində imzalanması dilimizin yaxın gələcəkdə haqq etdiyi yerdə olacağından xəbər verir”.
Quzey Makedoniya AB-nin sərhəd və sahil agentliyi ilə əməkdaşlıq edəcək
E.Hasan deyib ki, saziş sayəsində qeyri-qanuni immiqrasiya kimi təhdidlərə qarşı birlikdə hərəkət etmək mümkün olacaq: “Yəni Quzey Makedoniya AB-nin sərhəd və sahil agentliyi ilə əməkdaşlıq edəcək. Bu sazişin imzalanması ilə əcnəbi polis qüvvələrinin Quzey Makedoniya sərhədlərinin kritik nöqtələrinə yerləşdirilməsi mümkün olacaq. Bununla da Quzey Makedoniyanın sərhədlərinin daha təhlükəsiz olması təmin ediləcək. Digər tərəfdən, xarici təmsilçilərin gəlməsi yerli sərhədçilərin daha da peşəkar şəkildə formalaşmasına təkan verəcək. Həmçinin, qeyri-qanuni immiqrasiya kimi təhlükələrə qarşı birgə hərəkət etmək imkanı qazanacağıq”.
Bu, AB üzvlüyünə gedən yolda önəmli bir dəstəkdir
“Ümumilikdə isə, yenə də deyirəm, bu sazişin makedon dilində imzalanması mühüm əhəmiyyət kəsb edir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen də imzalamadan sonra keçirilən mətbuat konfransında bu məqamın üzərində xüsusilə dayandı. O, qeyd etdi ki, sözügedən sazişin imzalanması ilə makedon dilinə və kimliyinə hörmətlə bağlı verilən vəd yerinə yetirilib. Komissiya Prezidenti digər bir vacib mesaj da verdi. Rusiya-Ukrayna müharibəsinin qlobal qiymət artımlarına və enerji böhranına səbəb olduğu bir vaxtda Quzey Makedoniyanın çətin şərtlər altında inteqrasiya yolunda olduğunu vurğulayan Ursula fon der Layen, “Bu gün Quzey Makedoniya vətəndaşlarına mesajım çox aydındır: AB sizinlədir. Biz burada birlikdəyik və bu böhrandan birlikdə çıxacağıq. Biz daha yaxşı gələcəyə doğru irəliləyəcəyik” dedi. Hesab edirəm ki, bu, Quzey Makedoniyanın AB üzvlüyünə gedən yolda önəmli bir dəstəkdir”, – deyə E.Hasan sonda əlavə edib.