Press "Enter" to skip to content

“Qapımız hər kəsin üzünə açıqdır”

Müsahibə zamanı

Son yeniləmə: 28 Oktyabr 2022 15:11

Ali Rıza Altunel: Öhdəmə götürdüyüm işləri dəqiq, tam və vaxtında yerinə yetirməyi sevən bir insanam

BAYRAQDAR MEDİA – “Bu günə kimi harada, hansı vəzifədə işləmişəmsə, işimin öhdəsindən layiqincə gəlmək üçün çalışmışam. Bir dövlət məmuru və Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi vəzifələrimdə ölkəmi ən yaxşı şəkildə təmsil etməyi qarşısına məqsəd qoyan birisiyəm. Öhdəmə götürdüyüm işləri dəqiq, tam və vaxtında yerinə yetirməyi sevən bir insanam”.

Bunu ötən ay Türkiyə səfirliyinin təhsil müşaviri vəzifəsində fəaliyyətə başlayan Ali Rıza Altunel BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib.

Ali Rıza Altunel: Mən hər zaman Azərbaycanı da öz vətənim kimi görmüşəm
Ali Rıza Altunel: Mən hər zaman Azərbaycanı da öz vətənim kimi görmüşəm

Məlumat üçün bildirək ki, Ali Rıza Altunel 15 avqust 1965-ci ildə qardaş Türkiyənin Artvin bölgəsində anadan olub. Atatürk Universitetinin İlahiyyat fakültəsini bakalavr və Aydın Universitetinin Sosial Bilimlər İnstitutunun İşlətmə fakültəsini magistr dərəcəsi üzrə bitirib. 1985-ci ildən etibarən Türkiyədə təhsil və mədəniyyət sahəsində müxtəlif vəzifələrdə, o cümlədən bir neçə bələdiyyədə sədr müavini vəzifəsində işləyib. Azərbaycana təyinat almamışdan öncə isə Türkiyə Milli Təhsil Nazirliyinin müfəttişi vəzifəsində işləyib. Onu da qeyd edək ki, bu, Ali Rıza Altunelin xaricdə heç də ilk vəzifəsi deyil. Bundan öncə o, 2020-ci ildə Türkiyənin Quzey Makedoniyadakı səfirliyində təhsil müşavirinin müavini olub. İşlədiyi bütün sahələrdə hər zaman fəallığı ilə fərqlənib və müvafiq qurumlar tərəfindən təltif edilib. Milli Təhsil Nazirliyində icra etdiyi Ömür Boyu Öyrənmə Genel Müdirliyi dövründəki fəaliyyəti də Cümhurbaşqanı başda olmaqla nazirlər tərəfindən yüksək qiymətləndirilib.

Uzun illər düşünmüşəm ki…

Beləliklə, BAYRAQDAR MEDİA-nın suallarını cavablandıran A.R.Altunel deyib ki, bu, onun Azərbaycana ilk gəlişidir: “Bu, mənim qardaş Azərbaycana ilk gəlişimdir. Bununla bağlı bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Mən hər zaman Azərbaycanı da öz vətənim kimi görmüşəm. Məhz bundan yola çıxaraq uzun illər düşünmüşəm ki, insan öz vətəninə xarici pasportla getməz. Kimliklə səyahət etməyin daha doğru olduğunu düşünürdüm. Şükürlər olsun ki, artıq bu məsələ öz həllini tapıb. Əgər bu təyinat olmasaydı kimliklə səyahət edəcəkdim. Ancaq artıq bir görəvli olaraq burdayam”.

Təhsil müşavirindən azərbaycanlı gənclərə tövsiyə

Bu vəzifədə görmək istədiyi işlərə gəlincə, müsahibimiz “Mən bura gəldiyim gündən bəri ən çox üzərində dayandığım məsələlərdən biri Azərbaycanda fəaliyyət göstərən türk liseylərində təhsilin keyfiyyətini daha da yüksəltmək, şagirdlərin bacarıqlarını artırmaq üçün nə lazımsa onu etməkdir” deyib.

Hər zaman liseylərin, müəllim və şagirdlərin yanındayıq

Müsahibimiz bu xüsusda məktəblərə istər dərslik, istərsə də müəllim çatışmazlığı sarıdan da hər cür dəstək vermək üçün çalışacağını deyib: “Yəni hər hansı bir liseyimizdə bu dediyim istiqamətdə hansısa çatışmazlıq olarsa dərhal onu aradan qaldırmaq üçün hərəkətə keçəcəyik. Biz problemlərin həlli üçün hər zaman liseylərin, müəllim və şagirdlərin yanındayıq. Bunu hər kəs bilsin. Bu məqamda onu da qeyd etməyi özümə borc bilirəm ki, məhz Cümhurbaşqanımızın bu sahəyə diqqətinin növbəti nümunəsi olaraq artıq bütün məktəblərə kitablar dövlət tərəfindən pulsuz verilir. Halbuki əvvəllər Türkiyədə liseylərdə, o cümlədən dövlətin xaricdə fəaliyyət göstərən liseylərində təhsil alan şagirdlər kitabları pulla alırdılar. İndi isə həm dərslik, həm də dərsliyə əlavə kitablar da dövlət hesabına verilir”.

A.R.Altunel bildirib ki, fəaliyyəti dövründə, həmçinin, Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclərə məsləhət baxımdan dəstək olmağa, yaxud təhsil alanların orada üzləşdikləri hansısa problemlərlə bağlı bacardığı dəstəyi göstərməyə hazırdır: “Mən bu vəzifəyə bir şüarla başlamışam – qapımız hər kəsin üzünə açıqdır. Fəaliyyətim boyu həm də mütəmadi olaraq Azərbaycanın Elm və Təhsil Nazirliyindəki müvafiq dostlarla mütəmadi görüşlər keçirəcəyik. İki ölkənin təhsil sisteminin yararına olacaq ortaq addımlar üçün hər zaman axtarışda olacağıq. Həmçinin, Türkiyə universitetlərinin burada daha yaxından tanıdılması üçün də fəaliyyətlərimiz davamlı olacaq”.

Ali Rıza Altunel (solda) və Nadir Azəri
Ali Rıza Altunel (solda) və Nadir Azəri

“Bu ilin sonuna kimi ortaq hansısa tədbirlər nəzərdə tutulurmu” sualına isə təhsil müşaviri belə cavab verib: “Mən bu vəzifədə yeni fəaliyyətə başlamışam. Öncə müəyyən görüşlər keçirəcəyəm, mövcud durumla bağlı dəyərləndirmələr ediləcək. İki ölkə üçün nə kimi faydalı işlər görə bilərik deyə kiçik araşdırma da aparılacaq. Bundan sonra isə növbəti mərhələdə hansı tədbirlərin keçiriləcəyinə qərar veriləcək. Bu, sizinlə ilk müsahibəmizdir və gələcək müsahibələrimizdə atılacaq addımlarla bağlı daha dəqiq məlumatlar verəcəyik. Sonda həm burada təhsil alan, həm də Türkiyədə oxuyan gənclərə bu təhsil ilində sağlam həyat, firavanlıq və uğurlar arzu edirəm”.

Mission News Theme by Compete Themes.