BAYRAQDAR MEDİA – Oktyabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb: “Nazir C.Bayramov regionda cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri, gələcək sülh müqaviləsi üzrə işə başlanılması istiqamətində Azərbaycanın məlum mövqeyi və təklifi, habelə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Cenevrə görüşünün nəticəsində Ermənistana təqdim edilmiş sülh müqaviləsinin elementlərinə dair qarşı tərəfdən hələ də cavab gözlənildiyini diqqətə çatdırıb”.
K.Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.