Son yeniləmə: 27 Oktyabr 2022 13:21
BAYRAQDAR MEDİA – “Şuşa İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Şuşa ziyalıları ilə görüş keçirilib. Iştirakçılar Şuşa ziyalılarının nümayəndələrindən biri, “Ali dərəcəli müəllim” adına layiq görülmüş pedaqoq, 2007-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmiş tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun “Qarabağ-Şuşa” adlı kitabının təqdimatına toplaşıblar.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 27-də MEK-dən məlumat verilib.
Məlumata əsasən, təqdimatı giriş nitqi ilə MEK-in baş direktoru professor Məmməd Əliyev açıb: “O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi önəmini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb”. Direktor bildirib ki, doqquz kitabın və çoxlu sayda elmi-publisistik məqalənin müəllifi olan Yunis Hüseynov ərsəyə gətirdiyi növbəti kitabında da ermənilərin dağıdıcı fəaliyyətlərini tarixi dəlillərlə sübuta yetirməyə çalışıb: “Onun “Qarabağ-Şuşa” adlı kitabında Şuşanın daxilində və ətrafında mövcud olan yer adları və başqa tarixi hadisələr şərh olunur, Şuşa torpağının yetirdiyi tarixi şəxsiyyətlər hərtərəfli araşdırılır. Baş direktor MEK-in ərsəyə gətirdiyi “Şuşa-270” adlı biblioqrafik göstəricinin də məhz “Şuşa İli”nə töhfə olduğunu diqqətə çatdırıb”.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışı zamanı Şuşanın tanınmış ziyalılarından danışıb, şəhərin inkişafında böyük töhfəsi olan nəslin nümayəndələrindən birinin də Y.Hüseynov olduğunu vurğulayıb. Çıxışçı Azərbaycanın əzəli torpağına həsr olunmuş bu kitabı yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən kitabın redaktoru tarix elmləri doktoru, professor Zabil Bayramlı bildirib ki, müəllifin əsəri vaxtında işıq üzü görən elmi əsərdir: “Qeyd olunub ki, müəllif Qarabağ-Şuşa əsərində Qarabağın təbii-coğrafi mövqeyindən başlayaraq, dövrümüzə qədər əyalətin tarixini araşdırıb, adət və ənənələrini, inkişaf mərhələlərini, müstəqil Qarabağ xanlığının yaranmasını, onun siyasi-iqtisadi, mədəni və sosial məsələlərini bir daha diqqətə çatdırıb. Bu baxımdan əsər dəyərli elmi mənbədir. Təqdimatda iştirak edən Şuşa ziyalıları çıxış edərək dərc olunmuş kitab haqqında ürək sözlərini ifadə ediblər”.
Sonda çıxış edən müəllif kitabın təqdimatında yaradılan şəraitə görə MEK rəhbərliyinə dərin təşəkkürünü bildirib və sözügedən əsərini kitabxanaya hədiyyə edib.