Son yeniləmə: 27 Oktyabr 2022 12:06
Emin Həsənli: Bu yol fəlakətə, məğlubiyyətə, süquta aparır
BAYRAQDAR MEDİA – “İranın mövcud rejimi nəinki regionda, eyni zamanda İslam dünyasında qarşıdurma, ikitirəlik yaratmaqla məşğul olub. 1979-cu ildəki inqilabdan sonra hakimiyyətə gələn molla rejimi sözdə İslam birliyinə çalışdığını bəyan etsə də reallıqda müsəlman dünyasını “sünni”, “şiə” deyərək, ikiyə bölüb. Lakin bu da son deyil. Guya İslam keşiyində dayandığını iddia edən İran, otuz ilə yaxın müddətdə işğalçı Ermənistanın müsəlman Azərbaycan xalqına etdiyi zülmü, torpaqların işğalını, dini məbədgahların təhqir olunmasını görməzdən gəlib”.
Bunu İranın son təxribatlarını BAYRAQDAR MEDİA-ya dəyərləndirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Bax, budur İran rejiminin gerçək üzü
Onun sözlərinə görə, İranın əməlləri bununla da yekunlaşmır: “İran bu illər ərzində işğalçı Ermənistana hər cür dəstək göstərib. Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməməsinin bir səbəbkarı da məhz İrandır. Əgər İran da vaxtı ilə Türkiyə kimi Ermənistanın yolunu bağlasaydı, işğal uzanmazdı. Onlar gerçəkdən də İslamın keşiyində durmuş olsaydılar bu illər ərzində İran daxilində yaşayan türklərin, o cümlədən Güney Azərbaycanlıların haqlarını da pozmazdılar. Amma bir tərəfdən müsəlman olan türklərə, o cümlədən Güney Azərbaycanlılara olmazın təzyiqlər göstərən İranın mövcud rejimi o biri yandan müsəlman olmayan ermənilər üçün İran daxilində hər cür şərait yaradır. Bu gün Güney Azərbaycanlılar öz dillərində təhsil hüququndan məhrum olduqları halda, ermənilərə çeşidli məktəblər tikilir. Bax, budur İran rejiminin gerçək üzü”.
E.Həsənli deyib ki, 44 günlük Vətən müharibəsi dövründə də İran bu və digər formada Ermənistana dəstək oldu: “Eyni zamanda, müharibədən sonra da İran ermənipərəst siyasətini davam etdirir. Bu gün dünyanın bir çox ölkələri regionda əbədi sülhün əldə edilməsinə çalışdığı halda İran bütün gücünü buna mane olmağa sərf edir. Elə İranın Araz çayı sahillərində keçirdiyi hərbi təlimlər də buna xidmət edir. Yəni İran bununla həm Azərbaycana təzyiq göstərmək, həm də işğalçı Ermənistanı sülh müqaviləsini imzalamamağa sövq etmək istəyir”.
İran gec-tez dağılacaq
Müsahibimiz bildirib ki, ermənipərəst siyasət yürüdən İran Ermənistanın yolu ilə gedir: “Bu yol isə fəlakətə, məğlubiyyətə, süquta aparır. İran gec-tez dağılacaq. Çünki İranın daxilindəki bütün qeyri-fars xalqlar azadlıq mübarizəsinə qalxıblar. Təbii ki, onların içərisində Güney Azərbaycanlılar həm sayına, həm də qətiyyətinə görə fərqlənirlər. Onu da deyim ki, sadə farslar da mövcud rejimdən təngə gəliblər”.
Qeyd edilib ki, İran rejimi böyük isterika içərisindədir: “Təsəvvür edin ki, Türkiyə Cümhurbaşqanının Bakıda səsləndirdiyi iki bəndlik şeir İranda böyük çaxnaşmaya səbəb oldu. Bu iki bənd molla rejimini dəli etdi. Digər tərəfdən Zəngəzur dəhlizi İran rejiminin yuxusunu ərşə çəkib. Bölgədə güclü türk dövlətlərinin olmasını İran özü üçün təhdid görür. Təbii ki, bu da İranın bütövlükdə türk və müsəlman dünyasına qarşı düşmən mövqedən yanaşdığından irəli gəlir”.
İran hər zaman Azərbaycana qarşı riyakar siyasət həyata keçirib
E.Həsənli vurğulayıb ki, Azərbaycanın dostcasına yanaşmasına, normal qonşuluq münasibətlərinə İran zaman-zaman təxribat, xəyanət və çirkli planlarla cavab verib: “İran hər zaman Azərbaycana qarşı riyakar siyasət həyata keçirib və bu gün də keçirir. Azərbaycanda pozuculuq fəaliyyəti göstərən dini radikalların arxasında hər zaman İran dayanıb. Azərbaycan isə heç zaman imkan verməyib ki, öz ərazisindən İrana qarşı istifadə olunsun. Amma dediyim kimi, İran Azərbaycanın bu xoş niyyətinə riyakar addımlarla cavab verir. Burada da böyük səhv edir”.
Qeyd edilib ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil: “Bu gün güclü, qalib Azərbaycan dövləti, müdrik Azərbaycan lideri var. Həmçinin, bu gün Azərbaycanın Türkiyə kimi güclü müttəfiqi, Pakistan kimi dostu var. Əgər İran Azərbaycana qarşı hansısa bir hərbi addıma əl atmağa çalışsa, – bu ehtimal olduqca zəifdir – onun vəziyyəti Ermənistandan betər olacaq. İran ağlını başına yığmalıdır. Əks halda İranın sonu sürətlənəcək. Onsuz da bu dövlətin sonu yaxınlaşır. Amma Azərbaycana qarşı hər hansı addım atsa, bu son daha da sürətlənəcək”.