Press "Enter" to skip to content

Təhsil müşavirindən azərbaycanlı gənclərə tövsiyə

Ali Rıza Altunel

Son yeniləmə: 27 Oktyabr 2022 09:07

Ali Rıza Altunel: Türkiyədə oxumayan, dərslərinə lazımi diqqət göstərməyən gənclərə universitetlərdə yer yoxdur

BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, Türkiyə universitetləri dünyanın bütün nöqtələrindən olan və oxumaq istəyən gənclərin üzünə açıqdır. Biz həqiqətən də oxumaq istəyən hər bir kəsin ölkəmizdə ali təhsil almasına yox deməmişik. Amma Türkiyədə ali təhsil almaq istəyən xarici ölkə vətəndaşları, o cümlədən azərbaycanlı gənclər bir şeyi bilməlidir: bizdə ali təhsil məsələsində, daha doğrusu ali təhsilə ötəri yanaşanlara heç bir güzəşt yoxdur. O mənada ki, hər bir tələbə ancaq oxumaq, yüksək bilik əldə etmək barədə düşünməlidir”.

Azərbaycandakı Türkiyə səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel BAYRAQDAR MEDİA-nın sualını cavablandırarkən belə deyib.

Məlumat üçün bildirək ki, hər il Azərbaycandan xarici ölkələrə ali təhsil almaq üçün çoxlu sayda gənclər gedir. Həmin ölkələr arasında qardaş Türkiyə ilk sıralarda dayanır. Lakin bəzən bu təhsil məsələsində izbazların ortaya girməsi müəyyən problem və narazılıqlar yaradır.

Ali Rza Altunel Nadir Azəriyə müsahibə verərkən
Ali Rza Altunel Nadir Azəriyə müsahibə verərkən

Bunun baş verməməsi üçün nələrə diqqət edilməli olduğuna gəlincə, Ali Riza Altunel deyib: “Sizin də yaratdığınız imkandan istifadə edib Türkiyəyə ali təhsil almağa gedən, yaxud bundan sonra getmək istəyən azərbaycanlı tələbələrə bir məsələni demək istəyirəm. Türkiyə ali məktəblərinə qəbul bəzən buradakı təşkilatçılıq baxımından asan ola bilər. Ancaq bu sizi yanıltmasın. Bu asan proses sizdə başqa təsəvvür formalaşdırmasın. Türkiyədə oxumayan, dərslərinə lazımi diqqət göstərməyən gənclərə universitetlərdə yer yoxdur. Əgər buradakı gənclər arasında ali təhsil adı ilə Türkiyəyə, necə deyərlər, vaxt keçirməyə getdiklərini düşünənlər varsa, valideynlərinin pullarını boşuna xərcləməsinlər. Çünki dediyim kimi, oxumayanlara bizim universitetlərdə heç bir güzəşt yoxdur”.

Müsahibimiz deyib ki, digər tərəfdən Türkiyə yaşam üçün də bahalı bir ölkədir: “Ona görə də keyfiyyətli ali təhsil alıb, həmçinin tam məsuliyyətlə dərslərə yanaşıb bacarıqlı mütəxəssis olacaqlarını qarşılarına məqsəd qoymayanlar Türkiyədə ali təhsil almaq sevdasından əl çəksinlər. Amma oxumaq istəyən hər bir gəncə də universitetlərin qapısı açıqdır. Sayın Cümhurbaşqanımız da “Universitetlərimizin keyfiyyətini artırdıq. Dünyadan təhsil üçün Türkiyəyə gəlmək istəyən hər kəs buyursun gəlsin” deyə bəyan edib. Təbii ki, başda azərbaycanlı gənclər olmaqla gəlib Türkiyə universitetlərinin imkanlarından sonuna qədər yararlansınlar və bir mütəxəssis kimi ali təhsil alıb ölkələrinə, o cümlədən türk dünyasına xidmət etsinlər. Amma bir daha deyirəm ki, oxumaq üçün gəlsinlər”.

Qeyd edək ki, ötən ay qardaş ölkənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri kimi fəaliyyətə başlayan Ali Rıza Altunelin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi ilə yaxın günlərdə tanış ola bilərsiniz.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.