Son yeniləmə: 27 Oktyabr 2022 13:30
BAYRAQDAR MEDİA – İsveç və Finlandiyada yaşayan Azərbaycan icmasının üzvləri Avropa Şurası Parlament Assosiasiyasının (AŞPA) Ermənistan üzrə həmməruzəçilərinə – isveçli deputat Boriana Oberginə və finlandiyalı deputat Kimmo Kilyunenə müraciət ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müraciəti İsveçdə Azərbaycanlı Akademiklər Assosiasiyasının sədri Səadət Kərimi, İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (SAF) sədri Sevda Dadaşova və Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skadinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova imzalayıb: “Müraciətdə bildirilib ki, AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinin Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qərəzli bəyanatı İsveç və Finlandiya azərbaycanlılarında dərin narahatlıq doğurub. İsveç və Finlandiya azərbaycanlılarının öz deputatlarından faktlara və hadisələrə neytral və obyektiv yanaşma tələb etdiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, bu günlərdə dünya azərbaycanlıları 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər. “İnsanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri pisləyirik. Bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçiririk”, – deyə vurğulanıb”.
Bəyanatda Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 30 illik işğal dövründə törətdiyi dəhşətli müharibə cinayətləri, o cümlədən II Qarabağ müharibəsi dövründə münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr aralıda yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinin ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bömbardman edildiyibir daha nəzərə çatdırılıb.
Müraciət müəllifləri AŞPA-nı daha obyektiv və neytral yanaşma nümayiş etdirməyə, işğalçı Ermənistandan Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə görə cavab tələb etməyə və Azərbaycanla sülh müqaviləsi imzalaması üçün rəsmi İrəvana təzyiqlər göstərməyə çağırıb.