BAYRAQDAR MEDİA – 28-29 noyabr tarixlərində Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Həmin tarixlərdə gürcü teatrının kollektivi dünya şöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrından məlumat verilib.
Bildirilib ki, tamaşa 25-30 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa ili”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq: “Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır. Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, video mühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir. 2 il öncə hazırlanan bu tamaşa maraqlı və qeyri-adi süjet xəttinə malikdir”.
O da qeyd edilib ki, “Kreyser Sonatası” tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər.