Press "Enter" to skip to content

Azərbaycan investisiyaları təşviq edən ilk ölkələrdən biridir

Görüş zamanı

Son yeniləmə: 27 Oktyabr 2022 10:23

Ceyhun Bayramov Avropa Birliyi üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

BAYRAQDAR MEDİA – Oktyabrin 26-da xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyi (AB) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, investisiya, təhsil və digər sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 27-də Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir C.Bayramov iqtisadi sahədə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təminatının diversifikasiyasında Azərbaycanın rolundan bəhs edib: “Bu xüsusda, 18 iyul 2022-ci il tarixində AB-yə qaz nəqlinin iki dəfə artırılması, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. İşğaldan azad olunmuş ərazilərdə geniş enerji potensialının mövcudluğu və bu potensialdan səmərəli istifadə üçün Azərbaycan tərəfindən bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb”.

Azərbaycan və AB arasında investisiyalar sahəsində əməkdaşlıqdan bəhs edən nazir, Azərbaycanın investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi bu xüsusda imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərinə daim sadiq olduğunu bildirib: “Nazir Ceyhun Bayramov Azərbaycan və AB arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğunu ifadə edib. Nazir Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb”.

Məlumata əsasən, nazir, həmçinin post-münaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Petr Mixalko çıxış edib: “Petr Mixalko Azərbaycan və AB arasında əməkdaşlıq imkanlarının, habelə regionda vəziyyətin müzakirəsi üçün yaradılan belə bir şəraitə görə təşəkkür edib. P.Mixalko əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların mühüm rol oynadığını bildirib. Bu xüsusda, Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsinin tezliklə yekunlaşdırılmasının əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub”.

Daha sonra nazir AB üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.

Mission News Theme by Compete Themes.